Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın əməkdaşı Cənubi Koreyada insan hüquqlarına dair beynəlxalq təlim proqramında iştirak edib

18-07-2019 173 dəfə oxunub
Ombudsmanın əməkdaşı Cənubi Koreyada insan hüquqlarına  dair beynəlxalq təlim proqramında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin böyük məsləhətçisi Murad Babayev 4-17 iyul 2019-cu il tarixlərdə Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (KOICA) və Koreya Milli İnsan Hüquqları Komissiyasının (NHRCK) birgə təşkilatçılığı ilə Cənubi Koreya Respublikasının Seul və Seonqnam şəhərlərində keçirilmiş “İnsan hüquqları siyasətinin potensialının gücləndirilməsi ilə bağlı” təlim proqramında iştirak edib. 

Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova da sözügedən proqrama qatılıb. 

Təlim proqramına 7 ölkədən 16 nümayəndə olmaqla Milli İnsan Hüquqları İnstitutlarının və İcra hakimiyyəti orqanlarının İnsan hüquqları ilə bağlı bölmələrinin əməkdaşları qatılib. Təlim proqramı çərçivəsində iştirakçılar Cənubi Koreya Respublikasının tarixi, həmçinin insan hüquqları siyasətinin potensialının gücləndirilməsi ilə bağlı bir sıra müəssisələrlə tanış olub. 

Proqramın Koreya Milli İnsan Hüquqları Komissiyası və iştirakçı dövlətləri təmsil edən şəxslərlə tanışlıq xarakterli açılış mərasimində Azərbaycan Respublikasının nümayəndələrinin məruzələri dinlənilib.

Tədbirdə çıxış edən Ombudsman Aparatının əməkdaşı Müvəkkilin beynəlxalq təşkilatlarla, ictimaiyyətlə və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, hüquqi maarifləndirmə, elmi-analtik iş, informasiya əldə etmək hüququnun təmin edilməsi, biznes və insan hüquqları, əhali qruplarının hüquqlarının müdafiəsi, işgəncə əleyhinə milli preventiv mexanizmlə bağlı fəaliyyət istiqamətləri barədə məlumat verib.

 Azərbaycan Respublikasının nümayəndələri həmçinin təlim sırasında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 məlum qətnamənin tələblərinə təcavüzkar siyasət yürüdən Ermənistan tərəfindən əməl edilmədiyini, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların davam etdirilməsi məqsədini vurğulayiblar.

Tədbir ərzində təlim proqramının məqsədinə müvafiq olaraq Koreya Milli İnsan Hüquqları Komissiyasının direktoru, Seul Milli Universitetinin professoru, Gonggam İnsan Hüquqları Qanun Fondunun hüquqşünası, Koreya İnsan Hüquq Siayasəti İnstitutunun prezidenti, İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin vitse-prezidenti, “Saram” İnsan Hüquqları Fondunun direktoru, Seul Milli Universitetinin İnsan Hüquqları Mərkəzinin ekspert məsləhətçisi tərəfindən mühazirələr oxunmuşdur.

Proqram çərçivəsində Koreya Milli İnsan Hüquqları Komissiyasının və iştirakçı dövlətlərin Milli İnsan Hüquqları İnstitutlarının fəaliyyəti öyrənilmiş və təcrübə mübadiləsi aparılıb. 

Ombudsman Aparatının əməkdaşı tərəfindən Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatının direktoru cənab Joonsung Parka və Koreya Milli İnsan Hüquqları Komissiyasının Müvəkkili xanım Cheoi Hye Riyə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudaman) haqqında” 5 dildə nəşr olunmuş Konstitusiya Qanunu, illik məruzələrin elektron forması, digər nəşrlər və hədiyyələr təqdim edilib. 

Yekun olaraq, sözügedən Təlim proqramını uğurla başa vurmuş iştirakçı dövlətlərin nümayəndələrinə, o cümlədən Azərbaycan Ombudsman Aparatının əməkdaşına da diplom verilmişdir.