Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Liderlik Məktəbi "Təmiz Şəhər"in ekoloji fəaliyyəti ilə tanış olub

12-07-2019 180 dəfə oxunub
Liderlik Məktəbi "Təmiz Şəhər"in ekoloji fəaliyyəti ilə tanış olub

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Uşaq Hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvlərinə Müvəkkilin təşəbbüsü və təklifi ilə "Təmiz Şəhər" ASC tərəfindən Balaxanı qəsəbəsində yerləşən Bərk məişət tullantılarının çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına maarifləndirici xarakterli ekskursiya təşkil edilib. 

Belə ki, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun inzibati binasında şagirdlərə müəssisənin fəaliyyətini əks etdirən qısa film nümayiş olunub. Zavodun direktoru Eldar Hüseynov şagirdlərə zavodun iş prinsipi barədə məlumat verərək, onları maraqlandıran sualları cavablandırıb. Daha sonra isə şagirdlər həmin zavodun idarəetmə otağında quraşdırılmış monitorlar vasitəsi ilə zavodun iş prosesini onlayn izləyib, onlara çeşidləmə işi, tullantılar arasındakı müxtəlif növ materialları bir-birindən ayıraraq təkrar emala yönəldilməsi prosesləri haqqında ətraflı məlumat verilib.

Ekskursiyanın davamında şagirdlər çeşidləmə üçün yararlı olmayan tullantıların zərərsizləşdirilməsi prosesini izləmək məqsədilə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda da olub. Zavodun idarəetmə otağında onlayn vasitəsilə tullantıların yandırılması prosesini izləyərkən iştirakçılara zavodun iş mexanizmi ətraflı şəkildə izah edilib, habelə tullantı kütləsi yandırılaraq ondan elektrik enerjisi hasil edilməsi, və burada əldə olunan enerjinin il boyunca Azərbaycanın hər hansı bir rayonunu elektrik enerjisi ilə təmin edilməsi gücünə malik olması barədə məlumat verilib, şagirdlərin sualları "Təmiz Şəhər" ASC və zavodun nümayəndələri tərəfindən cavablandırılıb.

Ekskursiyanın sonunda Liderlik məktəbinin üzvləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı və IDEA İctimai Birliyinin dəstəyi ilə  “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində keçirdiyi “Təmiz Qala” adlı pilot layihəsi çərçivəsində yaradılan “Tullantıdan sənətə” muzeyində olmuş, burada muzeyin yaranma tarixi, məqsədi və fəaliyyəti, tullantı materiallarından hazırlanmış incəsənət əsərləri, habelə hər il keçirilən müvafiq beynəlxalq sərgidə nümayiş olunan əsərlər ilə yaxından tanış olmuş və plastik məişət tullantılarından hazırlanan öz əl işlərini muzeyə təqdim etmişlər.

 Qeyd etmək lazımdır ki, mütəmadi təşkil olunan maarifləndirici görüşlər uşaqların ekologiyanın mühafizəsi və zəngin təbii sərvətlərimizdən səmərəli şəkildə istifadə edilməsi ruhunda tərbiyə olunmasına, onların ekoloji şüurunun formalaşmasına, bioloji müxtəlifliyin mühafizəsinə, habelə gənc nəslin məişət tullantıları ilə düzgün davranmasına, o cümlədən alternativ elektrik enerjisinin hasil edilməsi, yeni məhsulların və incəsənət əsərlərinin hazırlanması, bərk tullantıların yığılması və utilizasiyası üzrə yeni ideyaların yaranmasına zəmin yaradır.

Müvəkkilin Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova çıxış edərək, Ombudsmanın insan hüquqları, o cümlədən uşaq hüquqları, vətəndaşların ekoloji hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, ekoloji mədəniyyətin təbliği və formalaşdırılması istiqamətində keçirdiyi tədbirlər, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq, birgə tədbirlər haqqında ətraflı məlumat verib.

Müvəkkil bu görüşün təşkil edilməsinə görə “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.