Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən regionlarda başçəkmələr davam etdirilir

08-10-2019 187 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən regionlarda başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanınİşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Şəki Şəhər qarışıq tipli Uşaq evində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişdir.

Başçəkmədə məqsəd müxtəlif yaş qurularından olan və bu müəssisədə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ üzvlərinin, UNİCEF nümayəndəsinin və sosial iş sahəsində ekspertin də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti ilə bağlı müəssisənin yataq, dərs və asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlarına, yeməkxana və mətbəxinə, ərzaq anbarına, tibb otağına baxış keçirilmiş, ümumilikdə təminat vəziyyəti və müvafiq sənədləşmə araşdırılmışdır.

Müəssisədə rəftar məsələlərinin araşdırılması məqsədilə təsadüfi seçim əsasında uşaqlarla, habelə müəssisə rəhbərliyi, psixoloq və müəllimlər, tibb işçiləri ilə fərdi söhbətlər və müsahibələr aparılmış, mövcud vəziyyət, sənədləşmə və uşaq hüquqlarının təmini vəziyyəti  öyrənilmişdir. 

Yeni istifadəyə verilmiş və müvafiq avadanlıqlarla təchiz edilmiş müəssisənin saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə uşaqlarla rəftar məsələləri qənaətbəxş qiymətləndirilmişdir. 

Başçəkmənin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq hüquqları Konvensiyası əsasında müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, uşaq hüquqlarının həyata keçirilməsi, təbliği və təmininə diqqətin artırılması və bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.