Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Avropa Şurası İnsan Hüquqları üzrə Komissarını qəbul etmişdir

12-07-2019 161 dəfə oxunub
Ombudsman Avropa Şurası İnsan Hüquqları üzrə Komissarını qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Qonaqları salamlayan Müvəkkil 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində kompleks tədbirlər həyata keçirdiyini, həmin öhdəliklərdən biri kimi ölkədə ilk Ombudsman təsisatının yaradıldığını, ötən müddət ərzində bu qurumun özünü səmərəli hüquq müdafiə mexanizmi kimi təsdiq etdiyini, Avropa Şurası ilə səmərəli əməkdaşlığın qurulduğunu, insan hüquqları sahəsində birgə layihələrin həyata keçirildiyini diqqətə çatdırdı. 

E. Süleymanova son illərdə Avropa Şurasının və Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində keçirilən Tvinninq layihələri, xüsusilə də sonuncu dəfə Almaniya və Polşanın birgə iştirakı ilə 24 ay ərzində davam etmiş Tvinninq layihəsi haqqında qonağa məlumat verdi və ümumilikdə Ombudsman Aparatının 29 əməkdaşının layihənin komponentlərinə müvafiq olaraq Avropa təcrübəsi ilə tanış olmaq məqsədilə Avropa İttifaqının 4 üzv dövlətində (Yunanıstan, Polşa, Almaniya, Portuqaliya) müxtəlif komponentlər üzrə təcrübə və fikir mübadiləsi aparıldığını qeyd etdi. 

Qonağa Ombudsmanın bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmin olunması sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilərkən, onun heç bir ayrı-seçkiliyə yol vermədən əhalinin bütün qruplarının hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərdiyi, etnik, milli, irqi, dini və başqa xüsusiyyətlərindən asılı olmayaraq hər bir şəxsin müraciətlərinin dərhal qanunvericiliyə uyğun araşdırılaraq tədbirlərin görüldüyü praktik misallarla sübut edilmişdir.

E. Süleymanova 2008-ci ildə ölkəmizin BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolunun ratifikasiya etdiyini, Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən olunduğunu, ötən müddət ərzində Milli Preventiv Qrup tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya xəstəxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara müntəzəm olaraq qrup tərəfindən başçəkmələrın həyata keçirildiyi barəsində qonağa məlumat verilib. 

Ombudsmanın bu günlərdə onun təşəbbüsü ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində növbəti “Açıq qapı” qəbulu keçirdiyini, çoxsaylı məhkum qadınları fərdi şəkildə qəbul edərək, onların müxtəlif müraciətlərini dinlədiyini, habelə onlara hüquq və vəzifələri izah edildiyi qeyd edilib.  

Qeyd edilmişdir ki, dövlətimizin humanist siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində 11 Amnistiya Aktı qəbul olunmuş, 65 əfv sərəncamı imzalanmış, minlərlə insan ailəsinə, cəmiyyətə qovuşmuşdur. Müvəkkilin vəsatəti əsasında isə indiyədək 692 məhkum azadlığa buraxılmışdır. 

Qonağa həmçinin müvafiq dövlət qurumlarında, o cümlədən penitensiar xidmətdə, psixiatriya müəssisələrində çalışan əməkdaşlara, həkimlərə müvafiq Avropa standartları barədə məlumatların verildiyi və bu standartların tətbiq olunduğu vurğulanıb. 

Qonaq həmçinin Müvəkkilin informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirdiyi barəsində məlumatlandırılıb. 

Qeyd edilib ki, insanların Ombudsmana elektron hökumət portalı vasitəsilə onlayn müraciət etməsi üçün xüsusi bölmə yaradılıb, informasiya əldə etməklə bağlı ünvanlanmış hər bir müraciət üzrə təhlillər aparılaraq müvafiq səlahiyyətli qurumlara sorğular göndərilib, məsələlərin bir çoxu öz həllini tapıb.

Eyni zamanda, Ombudsman təsisatında kütləvi informasiya vasitələrinin təmsilçiləri, media hüquqları üzrə tanınmış ekspertlər, informasiya sahibləri olan dövlət qurumlarının nümayəndələri, mətbuat xidmətlərinin rəhbərləri ilə silsilə məsləhətləşmələrin keçirildiyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə birgə  media nümayəndələri üçün insan hüquqlarına dair ənənəvi praktiki seminarın təşkil edildiyi nəzərə çatdırılıb. 

Müvəkkilin də iştirak etdiyi Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi əsasında “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na dəyişikliklərin edildiyi, jurnalist fəaliyyətini həyata keçirərkən gender bərabərliyi prinsiplərinə riayət olunması ilə bağlı yeni vəzifələrin müəyyən olunduğu bildirilib. 2019-cu ildə də davam etmiş həmin layihə çərçivəsində Bakı şəhərində və regionlarda yerli kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə söz və mətbuat azadlığının təmini, mətbuatda gender bərabərliyi, jurnalistlərin peşə hüquq mədəniyyəti mövzularında maarifləndirici təlimlərin həyata keçirildiyi və bu təlimlərdə Ombudsman Aparatının nümayəndəsinin təlimçi ekspert qismində iştirakı diqqətə çatdırılıb.

E. Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icra vəziyyətinin monitorinqi məqsədilə ölkənin bütün rayon və şəhərlərində deputatların, yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, o cümlədən qaçqın və məcburi köçkünlərin, etnik azlıqların yerli icmalarının nümayəndələrinin iştirakı ilə geniş ictimai dinləmələr keçirildiyini, nəticələrin  təhlil edilərək ümumiləşdirildiyini və müvafiq dövlət qurumlarına tövsiyələrlə müraciət edildiyini qeyd edib. 

Müvəkkil QHT-lər və KİV-lə mütəmadi əməkdaşlığını davam etdirərək, QHT-lərin hüquqi maariflənməsində maraqlı olduğunu, Ombudsmanın uşaq, qadın və ahılların hüquqları üzrə Resurs Mərkəzlərində mütəmadi maarifləndirmə tədbirləri keçirildiyini, habelə Ombudsman təsisatında keçirilən beynəlxalq layihələr çərçivəsində onlara BMT-nin Saziş qurumlarına və ümumiyyətlə digər beynəlxalq təşkilatlara təqdim edilməsi üçün əlavə və paralel hesabatların hazırlanması barəsində maarifləndirici treninqlər təşkil edildiyini vurğulayıb. 

Müvəkkilin dövlət qurumları, QHT-lər, o cümlədən hüquq müdafiəçiləri ilə sıx əməkdaşlıq etdiyi söylənib. 

Görüşdə qarşılıqlı əməkdaşlıq çərçivəsində Polis və Ədliyyə Akademiyalarında, Baş Prokurorluğun Təlim-Tədris mərkəzində təhsil alan ali hüquq təhsilli dinləyicilər üçün “İnsan hüquqlarının müdafiə mexanizmləri” mövzusunda mühazirələr təşkil edildiyi, iştirakçıların nəzəri biliklərinin təcrübə ilə əlaqələndirildiyi, habelə onlara BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədi olan, pis rəftar növlərinin və cəzaların tətbiqinin effektiv tədqiq edilməsi ilə bağlı “İstanbul Protokolu”, SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartların, habelə əlaqəli şəkildə milli qanunvericilik aktlarının tədris olunduğu diqqətə çatdırılmışdır.

Ombudsman onun təşəbbüsü ilə insan hüquqları üzrə ixtisaslaşmış gənc hüquqşünas kadrların hazırlanması Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “İnsan hüquqları”, “Genderə giriş” fənləri tədris olunması, həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq hüquqları üzrə Pilləli Tədris proqramının həyata keçirilməsi bərədə qonağa məlumat verdi.

Müvəkkil habelə qanunvericiliyin təkmilləşdirilməsinə dair Milli Məclisə, habelə dövlət qurumlarına təkliflər verildiyini, həmçinin Konstitusiya Məhkəməsinə çoxsaylı sorğular ünvanladığını, nəticədə Plenum tərəfindən müvafiq qərar və qərardadların qəbul edildiyini söyləyib.

Vurğulanıb ki, fəaliyyəti dövründə Müvəkkilin insan hüquqlarının səmərəli təmininə yönəlik 700-dək təklifi səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş, onların böyük əksəriyyəti artıq təmin olunmuşdur. E.Süleymanova söyləyib ki, Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı (GANHRİ) tərəfindən Ombudsmanın gender sahəsində gördüyü fəaliyyət müsbət təcrübə kimi qiymətləndirilmişdir.

Ombudsmanın təşəbbüsü ilə ölkəmiz tərəfindən imzalanan Avropa Şurasının “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Lanzarote Konvensiyasının ratifikasiya edilməsinin illik məruzələrində təklif olunduğu,  UNICEF-in ekspertləri ilə birgə “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsini hazırlayaraq Milli Məclisə təqdim etdiyi qeyd edilib. 

E. Süleymanova qonağa qaçqın və məcburi köçkünlərin, həmçinin girov və əsir götürülmüş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. 

Ermənistanın Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinin hələ ilk vaxtlardan diqqətdə saxlanıldığı, onların qaytarılmasını, onlarla beynəlxalq hüquq normalarına uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin və Komitənin Cenevrədəki Baş Ofisinin rəhbərlərinə müraciətlər ünvanlandığı, Komitənin Cenevrədəki baş iqamətgahında bu qurumun Vitse-prezidenti xanım Kristina Börli ilə müzakirə edildiyi diqqətə çatdırılıb. 

Ombudsman məcburi köçkünlərin, o cümlədən gənclərin öz torpaqlarına qayıtmaq arzusunun onların genetik yaddaşı ilə bilavasitə bağlı olduğunu bildirib.

Müvəkkil habelə 2019-cu ildə erməni hərbçiləri tərəfindən girov götürülmüş Elvin İbrahimovun da Azərbaycana qaytarılmasında kömək göstərilməsi üçün cari ilin mart ayında BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinə müraciət ünvanladığını qeyd edib. 

E. Süleymanova Komissara Avropa Şurasının bütün beynəlxalq mexanizm vasitələrini səfərbər etməklə 30 ildən çox davam edən və kütləvi insan hüquqlarının kobud pozuntuları ilə müşayiət olunan bu silahlı münaqişənin regionda sabitliyin, dayanıqlı inkişafın, əməkdaşlığın bərqərar olmasına zəmin yaradacaq ədalətli sülh yolu ilə həllinə dəstək olması barədə müraciət etmiş, konkret tədbirlərin görülməsinin sürətləndirilməsinə yardımçı olmasını xahiş etmiş və onun Ombudsmanla sıx əməkdaşlıq etməsini  təklif etmişdir. 

Qonağı maraqlandıran suallar görüşdə ətraflı cavablandırıldı. 

Sonda xanım Miyatoviç Müvəkkilə İnsan hüquqları sahəsində Avropa Şurasının hazırladığı bir sıra çap materiallarını Müvəkkilə təqdim edərək, səmimi qəbul və təsisatın fəaliyyəti, habelə sualları ətraflı cavablandırdığı üçün təşəkkür etdi.