Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla yekunlaşdı

11-06-2019 197 dəfə oxunub
Uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla yekunlaşdı

Məlum olduğu kimi, Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir. 

Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulub. 

Uşaqların həm də trener kimi iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilib. 

Ombudsman təsisatında hazırlanmış “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilib.

2018-2019-cu tədris ilində Bakı şəhərinin hər bir rayonu və Ağstafa, Qazax, Cəlilabad, Biləsuvar, Şəki, Qəbələ, Xızı və Siyəzən rayonları üzrə hər birində bir məktəb olmaqla, ümumilikdə 20 məktəbdə həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına yekun vurulub.

Qeyd olunmalıdır ki, Pilləli Tədris Proqramı ilk dəfə olaraq Pirallahı rayonu Çilov adasında 131 saylı məktəbdə də həyata keçirilib.

İnsan Hüquqları Aylığı çərçivəsində həmin məktəblərdə tədbirlər təşkil olunub və bu Proqramı uğurla başa vuran və trenerlik bacarıqlarına yiyələnmiş 1285 şagird sertifikatla, 80-dən çox müəllimtəşəkkürnamə ilə təltif ediliblər. 

Ombudsman Aparatının əməkdaşları sertifikatların təqdim edilməsi ilə bağlı keçirilən tədbirlərdə şagirdləri Müvəkkil Elmira Süleymanovanın adından təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb, hüquqlarını mükəmməl öyrənməyi, həmyaşıdlarına bu bilikləri aşılamağı və üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi, həmçinin məktəb rəhbərliyinə bu uşaqların bilik və bacarıqlarından yararlanmağı, məktəbin digər şagirdlərinin də uşaq hüquqları sahəsində biliklərə yiyələnmələrinə şərait yaratmalarını tövsiyə ediblər.

Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən davamlı olaraq hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına Bakı şəhərinin bütün rayonlarının, ölkənin digər 32 şəhər və rayonunun 190-dan çox məktəbi cəlb edilmiş, bu prosesdə fərqlənmiş 11.500-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilib, 900-dən çox müəllim və direktor təşəkkürnamə alıb.