Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndələri Dayanıqlı İnkişaf Məqsədlərinin Milliləşdirilməsi üzrə seminarda iştirak etmişlər

19-04-2019 175 dəfə oxunub
Ombudsmanın nümayəndələri Dayanıqlı İnkişaf Məqsədlərinin Milliləşdirilməsi üzrə seminarda iştirak etmişlər

UNICEF-in ölkə Ofisi tərəfindən təşkil olunan seminarda əməkdaşlıq edilən müvafiq dövlət qurumlarının iştirakı ilə Dayanıqlı İnkişaf Məqsədlərinin Milliləşdirilməsinə əsaslanan təqdimat və müzakirələr keçirilmişdir.

Seminarda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatını təsisatın şöbə müdirləri Rəşid Rumzadə və Faiq Ağayev təmsil etmişlər.

Seminarın əsas mövzusu, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının hazırlanmasına dair müzakirələr də aparılmış, uşaq müdafiə sisteminin istiqamətləri üzrə panel təqdimatlar keçirilmişdir. 

Bunlarla yanaşı, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən "Azərbaycanda Uşaqlara yönələn Dayanıqlı İnkişaf Məqsədlərinin Milliləşdirilməsi” üzrə təqdimatlar da təşkil olunmuşdur. 

Ombudsmanın nümayəndələri tədbirdə təsisatda uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən işlər, davamlılığı təmin edilməklə uşaq hüquqlarının tədrisi və monitorinqi sahəsində formalaşdırılmış təcrübə, uşaq hüquqlarının müdafiəsinə strateji yanaşmalarla bağlı fikirlərini bölüşmüş və təqdimat etmişlər.

Qeyd olunmalıdır ki, ölkə Ombudsmanının Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan və davam etdirilən fəaliyyəti ölkədə uşaq hüquqlarının etibarlı müdafiəsinə, rifah halının yaxşılaşdırılmasına, onların maraqlarının təmini istiqamətində dəstək tədbirlərininin artırılmasına və bu məqsədlə tərəfdaşlığın gücləndirilməsinə xidmət edir. 

Ombudsmanın ötən illər ərzində UNİCEF-lə səmərəli əməkdaşlıq əlaqələri və birgə fəaliyyət planının icrası çərçivəsində fəaliyyəti bu işlərə öz töhfəsini verməkdədir. BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələrə əsaslanmaqla həyata keçirilən tədbirlər, uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təlimlər vasitəsilə bacarıqlarının artırılması, habelə vətəndaş cəmiyyəti təsisatlarının və yerli icmaların hüquqi maarifləndirməsi, tədris vəsaitlərinin hazırlanması və çapı, dövlət uşaq müəssisələrində keçirilən birgə monitorinqlər və digər mühüm layihələr bu qəbildən olan işlərdir.