Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə başçəkmə həyata keçirilib

05-04-2019 193 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrup (MPQ) tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə (İHOSM) həyata keçirilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilmiş başçəkmədə məqsəd bu müəssisədə saxlanma şəraiti və rəftarın, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, habelə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılmasından ibarət olub.

MPQ üzvlərinin iştirak etdiyi başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı müəssisənin kameralarına, gəzinti, görüş yerlərinə və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. 

MPQ üzvləri tərəfindən rəftar məsələlərinin araşdırılması ilə bağlı burada saxlanılan bir sıra şəxslər, o cümlədən Bayram Məmmədov da qəbul edilərək konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər, sənədləşmə araşdırılıb, habelə onların bir sıra müraciətləri yerində təmin edilib. 

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmənin yekunları ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət olunub