Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən 6 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilmişdir

21-05-2019 175 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən 6 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilmişdir

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən penitensiar müəssisələrə başçəkmələr həyata keçirilməklə, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, tibbi xidmətin təşkili araşdırılır.

Bu fəaliyyət çərçivəsində MPQ-nin üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilmişdir.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə cəza çəkən bir sıra məhkumlar, o cümlədən Babək Həsənov da qəbul edilərək konfidensial qaydada dinlənilmiş və müraciətlər yerində araşdırılmışdır.

B.Həsənov MPQ-nin üzvləri ilə görüş zamanı müəssisəyə gətirildiyi gündən yeni məhkumlar üçün nəzərdə tutulmuş karantin  hissəsində yerləşdirildiyini və hazırda isə ümumi yaşayış sahəsində olduğunu bildirmişdir. 

Qeyd olunmalıdır ki, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları cəzaçəkmə müəssisələrinə yeni daxil olmuş bütün məhkumların bir gün ərzində kompleks sanitar təmizləmədən və tibbi müayinədən keçdikdən sonra iki həftəyədək müddətə karantin sahələrində yerləşdirilməsini nəzərdə tutur.

Görüş əsnasında məhkum B.Həsənov müəssisəyə gətirildiyi ilk gündən ailə üzvləri ilə telefonla danışmasına və yaxınları ilə də görüşünə normal şərait yaradıldığını, habelə müəssisədə saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onunla rəftarı ilə də bağlı narazılığının olmadığını bildirmişdir. B.Həsənov tibbi müayinədən də keçirilmişdir.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.