Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Girovluqda saxlanılan Elvin İbrahimovun hüquqları Ombudsman Elmira Süleymanovanın diqqətindədir

28-03-2019 176 dəfə oxunub
Girovluqda saxlanılan Elvin İbrahimovun hüquqları Ombudsman Elmira Süleymanovanın diqqətindədir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu anasının dediyinə görə bu ilin mart ayının 15-də evdən işə getmək adı ilə çıxıb, sonradan Qazax rayonunun Ermənistan Respublikasının Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və hazırda girov saxlanılır. 

Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən mülki şəxslərin girov götürülməsi qadağan olunur və onlar tez bir zamanda mənsub olduğu ölkəyə qaytarılmalıdır.

Eyni zamanda E.İbrahimovun II qrup əlil olduğunu və sərhədi səhvən keçərkən Ermənistan hərbçiləri tərəfindən yaralandığını nəzərə alaraq, adı çəkilən konvensiyanın 16-cı maddəsinə əsasən xüsusi qayğı və himayə ilə əhatə olunmalı, tez bir zamanda girovluqdan azad edilməlidir.

Lakin təəssüflə qeyd edilməlidir ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq hüquq norma və prinsiplərini pozaraq, mülki şəxsi girov götürmüş, onun əlilliyi olmasına baxmayaraq, tez bir zamanda ölkəsinə qaytarılması istiqamətində hər-hansı bir tədbir görməmişdir.

Qeyd olunan beynəlxalq normaları və E.İbrahimovun anasının Azərbaycan Ombudsmanına ünvanladığı xahiş məktubunu nəzərə alaraq, Müvəkkil Elmira Süleymanova tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Ajmone Sesseraya müraciət ünvanlanıb. Müraciətdə Komitənin mandatı çərçivəsində E.İbrahimovun girovluqda olduğu müddətdə hər hansı fiziki və mənəvi zorakılığa məruz qalmamasının təmin edilməsi, girov saxlanıldığı ölkədə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə onun səhhətinin və ümumi vəziyyətinin nəzarətdə saxlanılması və mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmaları xahiş olunub.