Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi beynəlxalq tədbirdə istirak etmişdir

21-05-2019 180 dəfə oxunub
Ombudsmanın nümayəndəsi beynəlxalq tədbirdə istirak etmişdir

Məlum olduğu kimi, ölkə Ombudsmanı fəaliyyətə başladığı ilk günlərdən beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmlənməsinə böyük önəm verir. Belə ki, Ombudsman təsisatı insan hüquqlarının müdafiəsi və təbliği, hüquq pozuntularının qarşısının alınması sahəsində qabaqcıl təcrübələr tətbiq edilməklə xarici Ombudsmanlarla birgə məqsədyönlü işlər görür, nəticədə təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində, həmin ölkələrin vətəndaşlarının isə ölkəmizdə hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri inkişaf etdirilir. 

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Turan Cahangirova Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş Ombudsmanların Koordinasiya Şurasının “Vətəndaşların əmək hüquqlarının müdafiəsi” mövzusuna həsr edilmiş iclasında iştirak edib.

Tədbirə bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyasının və subyektlərinin ombudsmanları və səlahiyyətli nümayəndələri, hökumət üzvləri, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların nümayəndələri, bu sahədə ixtisaslaşmış elm xadimləri qatılıblar.

Ombudsmanın nümayəndəsi tədbirdə məruzə ilə çıxış edərək bildirib ki, ölkəmizdə aparılan iqtisadi-sosial islahatlar, neft, son illərdə isə qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığının inkişafı, habelə regionların inkişafı üzrə Dövlət Proqramının və milli məşğulluq strategiyasının icrası nəticəsində əhalinin rifah halı əhəmiyyətli şəkildə yüksəldilib, yeni iş yerləri yaradılıb, bununla da davamlı inkişafa, insan hüquq və azadlıqlarının səmərəli təmininə zəmin yaradılıb. 

T.Cahangirova Müvəkkilin əhalinin müxtəlif kateqoriyalarının əmək hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirdiyi işlər barədə söhbət açaraq, bu fəaliyyətin həm də qaçqın, məcburi köçkün və miqrantların, qadınların, əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial problemlərinin həlli, onların maraqlarının təmini istiqamətində dəstək tədbirlərinin artırılmasına və bu məqsədlə tərəfdaşlığın gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

O, ölkəmizdə öz doğma torpaqlarını tərk etməyə məcbur edilərək qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan çox şəxsin müvəqqəti yerləşdirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, həmçinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verərək, təkcə 2018-ci ildə keçirilən əmək yarmarkaları nəticəsində ölkənin 141 təşkilatında 994 məcburi köçkünün iş yeri ilə təmin edildiyini bildirib.

Eyni zamanda, müntəzəm qaydada bu sahədə çalışan dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təsisat tərəfindən hazırlanmış xüsusi tədris vəsaitləri əsasında keçirilən təlimlər vasitəsilə bacarıqlarının artırılması, hüquqpozmaların qarşısının alınması, habelə vətəndaş cəmiyyəti təsisatlarının və yerli icmaların hüquqi maarifləndirməsi istiqamətində sistemli tədbirlərin görüldüyünü və monitorinqlərin keçirildiyi bildirilib.

Çıxışda həmçinin, vətəndaşların əmək hüquqlarının səmərəli təmini ilə əlaqədar Müvəkkil tərəfindən təklif və tövsiyələr verildiyi, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığı, dövlət qurumları ilə yanaşı xarici həmkarları ilə əməkdaşlıq çərçivəsində bir çox problemlərin həllinə nail olunduğu, insanların Müvəkkilə öz müraciətlərini təqdim etmələri üçün geniş imkanların yaradıldığı qeyd olunub, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində tətbiq etdiyi çoxsaylı müsbət təcrübələr barədə məlumat verilib.

Şuranın iclasında çıxış edən ombudsmanlar və digər ekspertlər Azərbaycanda insan hüquqlarının təmini və təşviqi, habelə Azərbaycan Ombudsmanının bu istiqamətdə fəaliyyəti barədə məlumatı maraqla qarşılayıb.

Müvəkkilin nümayəndəsi həmçinin, Rusiya Ombudsmanının təşkilatçılığı ilə keçirilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması prosedurlarının təkmilləşdirilməsi üzrə seminarda da iştirak edib.