Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Avropa Azərbaycan Məktəbində uşaq hüquqları ilə əlaqədar tədbir keçirilib

14-03-2019 199 dəfə oxunub
Avropa Azərbaycan Məktəbində uşaq hüquqları ilə əlaqədar tədbir keçirilib

Bakı şəhəri, Yasamal rayonunda yerləşən Avropa Azərbaycan Məktəbində uşaq hüquqları ilə əlaqədar keçirilən növbəti maarifləndirmə tədbirində Ombudsman Aparatının əməkdaşları Lamiyə Zeynalova, İlahə Əfqanlı və Dilşad İsmayılova iştirak ediblər. 

Müvəkkilin nümayəndələri insan hüquqları və onun tərkib hissəsi olan uşaq hüquqlarının mahiyyəti, bu sahədə beynəlxalq və milli qanunvericilik aktları barədə uşaq hüquqları üzrə araşdırmalar aparmış 4-cü sinif şagirdlərinin biliklərini artırmaq məqsədilə təşkil olunmuş tədbirdə ətraflı məlumat veriblər. 30 illiyini qeyd edəcəyimiz BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş maddələr əsasında sərbəst fikir mübadiləsi aparılıb. 

Ombudsman Elmira Süleymanovanın uşaq hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti, eyni zamanda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində təsisatda görülən işlər və 24 saat ərzində fəaliyyət göstərən uşaq hüquqları üzrə 916 nömrəli qaynar xətt xidməti barədə də məlumat verilib. 

Bundan başqa, 2009-2010-cu tədris ilindən Ombudsmanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Bakı və regionlardakı orta ümumtəhsil məktəblərində uğurla həyata keçirilən uşaq hüquqları üzrə pilləli tədris proqramı barədə şagirdlər və müəllimlər məlumatlandırılıb.

Tədbir maraqlı və interaktiv müzakirə şəklində davam etdirilib, şagirdlərin çoxsaylı sualları ətraflı cavablandırılıb.

Ombudsman təsisatının Avropa Azərbaycan Məktəbində daha öncə həyata keçirdiyi uşaq hüquqlarının maarifləndirilməsinə həsr olunmuş tədbirlərindən video görüntülər iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici nəşrlərdən də istifadə olunub və sonda həmin nəşrlər məktəbə təqdim edilib. 

Məktəb kollektivi Müvəkkilə uşaq hüquqlarının müdafiəsi və maarifləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətə görə təşəkkür edərək əməkdaşlığın davamlı olmasını arzu ediblər.