Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Müvəkkilin nümayəndələri Maştağa qəsəbəsində “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin tədbirində iştirak ediblər

01-03-2019 281 dəfə oxunub
Müvəkkilin nümayəndələri Maştağa qəsəbəsində “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin tədbirində iştirak ediblər

Maştağa qəsəbəsi 187 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirilib. 

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin nümayəndələri Vəfa Verdiyeva və Lamiyə Zeynalova, həmçinin Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, rayonun tam orta məktəblərinin direktorları, müəllimlər, məktəblilər və valideynlər də iştirak ediblər.

Tədbir ilk olaraq məktəblilərin gender əsaslı zorakılıq mövzusu ətrafında hazırladıqları videoçarx ilə başlayıb. Sonra şagirdlər və müəllimlər qadın hüquqları haqqında maraqlı səhnəciklər nümayiş etdirib və şeirlər səsləndiriblər.

Ombudsman Aparatının Elmi-analitik sektorunun baş məsləhətçisi Lamiyə Zeynalova çıxış edərək vurğulayıb ki, gender bərabərliyinin təmin olunması məsələsinə Müvəkkil Elmira Süleymanova tərəfindən mühüm diqqət yetirilir. Əhalinin digər qruplarının hüquqları ilə yanaşı, qadın hüquqlarının daha etibarlı müdafiəsi və təbliği, o cümlədən onların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması istiqamətində davamlı, əhatəli və sistemli tədbirlər həyata keçirilir. Bununla yanaşı o, uşaq və qadınlara qarşı zorakılığın səbəbləri, növləri, qarşısının alınması yolları və mənfi təsirləri, habelə onların hüquqlarının təmini və müdafiəsi, o cümlədən məişət zorakılığı, erkən nikah və təhsildən yayınma kimi halların qarşısının alınması sahəsində maarifləndirmə ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyətini diqqətə çatdırıb. 

Tədbir çərçivəsində Müvəkkilin uşaq və qadın hüquqlarının səmərəli təmini sahəsində irəli sürdüyü təkliflər səsləndirilib. Belə ki, uşaqların sağlam mühitdə tərbiyə olunması üçün zəruri şəraitin yaradılması; valideynlər arasında rast gəlinən bəzi münaqişəli vəziyyətlərdə uşaqların manipulyasiyaya, əzablara məruz qalmaması istiqamətində preventiv tədbirlərin görülməsi; uşaq və gənclərdə mənəvi dəyərlərin, vətənpərvərlik hissinin aşılanması; regionlarda uşaq və qadınların fəallığının, təşəbbüskarlığının artırılması, liderlik bacarıqlarının inkişafı; uşaqların maraq dairəsini genişləndirən şəbəkələrin yaradılması; bütün ölkə boyu hüquqi maarifləndirmə işinin gücləndirilməsi, təbliğat vəsaitlərinin hazırlanması və digər təkliflər bu qəbildəndir.

Sonda “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihədə fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.