Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə “İnsan hüquqları aylığı” keçiriləcəkdir

16-05-2019 59 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə “İnsan hüquqları aylığı” keçiriləcəkdir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. 

Bu əlamətdar tarixi nəzərə alaraq, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri və onların aradan qaldırılması üzrə tədbirləri müəyyənləşdirmək məqsədilə, hər il olduğu kimi, bu il də İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı”nın keçirilməsi elan olunub.

Bununla bağlı Ombudsman dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib.

Qeyd olunmalıdır ki, hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan müddəaları əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur. 

Belə aylıqların keçirilməsi əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquq düşüncəsinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpasına və vətəndaş cəmiyyətinin inkişafına xidmət edir.

Bununla yanaşı, “İnsan Hüquqları Aylığı” çərçivəsində müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda konfrans və müxtəlif maarifləndirmə tədbirlərinin təşkili və görülən işlər haqqında məlumatlar, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflər 10 iyun 2019-cu il tarixədək Ombudsmana təqdim edilməlidir. 

Aylığın nəticələri ümumiləşdirilərək təhlil olunacaq və ictimaiyyətə açıqlanacaqdır.