Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbirlər keçirib

08-05-2019 192 dəfə oxunub
Ombudsman Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və regional mərkəzləri tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. 

Belə tədbirlər qeyri-hökumət təşkilatlarında, o cümlədən Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan, Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində, Ahılların Resurs Mərkəzində və təhsil müəssisələrində təşkil olunub.

Müvəkkil Elmira Süleymanova çıxış edərək bildirib ki, Ombudsman təsisatının Azərbaycanda özülünün qoyulması və inkişafı bilavasitə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi insan hüquqları sahəsində böyük dönüş nöqtəsi oldu. Ulu öndərin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqları sahəsində təsisatın fəaliyyəti daha da inkişaf etdirilir.

Bildirilib ki, Ulu öndər Heydər Əliyevin zəngin həyatı və tarixi xidmətləri onun fenomenal şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir. Belə ki, bu dünya şöhrətli siyasətçinin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, xalqımızın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitlik, qanunun aliliyi təmin edilmiş, insan hüquq və azadlıqları sahəsində real addımlar atılmış, bununla da Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlanmışdır. 

Bu tədbirlərdə dahi şəxsiyyət olan Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıtmasının 26-cı ildönümü olduğu nəzərə çatdırılaraq vurğulanıb ki, onun həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquqları təmin olunmuş, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Bildirilib ki, Ulu öndər tarix yaradan dahi şəxsiyyətlərdəndir, onun təşəbbüsü və səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, insanların sosial rifah halının yüksəldilməsinə, qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə şərait yaratmışdır. Habelə beynəlxalq aləmdə ölkəmizin maraqları və Dağlıq Qarabağ münaqişəsinin həlli onun diqqət yetirdiyi ən prioritet məsələlərdən olmuşdur. 

Qeyd olunub ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası məhz Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik, layihənin ictimaiyyətin geniş müzakirəsi və iştirakçılığı ilə qəbul edilmiş bu ali sənədin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insan hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunmuşdur. Ulu öndərin hakimiyyəti zamanı insan hüquqlarının ardıcıl və sistemli inkişafının özülü qoyulmuş, hüquqların təmini məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, müvafiq qanunvericilik aktları qəbul olunmuş, fərman və sərəncamlar imzalanmışdır. 1993-cü ildən respublikamızda ölüm cəzasının tətbiqi üzərində veto qoyulmuş, 1998-ci ildən isə ölüm cəzası ləğv olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. 

Heydər Əliyevin 22 fevral 1998-ci il tarixdə imzaladığı insan hüquqları sahəsində ölkəmizdə strateji sənəd olan “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı insan hüquqları sahəsində geniş islahatların özülünü qoymuş ən mühüm strateji sənədlərdəndir. İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında ilk dəfə “İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması” təsbit olunmuşdur. 

Həmçinin bildirilib ki, Ümummilli liderimizin məqsədyönlü siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları sahəsində köklü islahatlar nəticəsində Azərbaycan bir çox göstəricilər üzrə sürətlə inkişaf edən öndər ölkəyə çevrilmişdir. Dövlət başçısının fərmanları və sərəncamları xalqımız tərəfindən olduqca böyük razılıqla, qürur və sevinc hissləri ilə qarşılanır. 

Eyni zamanda Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Goranboy rayonu Gənclər Mərkəzində, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran rayonu  Darquba kənd və Gərmətük kənd tam orta məktəblərində, Şəki Regional Mərkəzi tərəfindən Zaqatala rayonu Danaçı kəndində, Oğuz rayonu Bayan kəndində, Qax rayonu Qaşqaçay kəndində, habelə Şəki rayonu Çələbixan qəsəbəsində, Quba Regional Mərkəzi tərəfindən isə həmin mərkəzin ofisində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Bu tədbirlərdə Ulu öndər  Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyəti, o cümlədən regionların inkişafı sahəsində qəbul etdiyi qərarları, bölgələrə səfərləri, əhali ilə səmimi görüşləri barədə məlumat verilib.