Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə Biləsuvarda olub

07-02-2019 170 dəfə oxunub
Ombudsman Milli Qəhrəman Mübariz İbrahimovun  doğum günü münasibətilə Biləsuvarda olub

7 fevral - Azərbaycanın Milli Qəhrəmanı Mübariz  İbrahimovun doğum günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Biləsuvar rayonunda olub. 

Müvəkkil ilk olaraq Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin iştirakı ilə həmin rayonun Əliabad kəndində Mübariz  İbrahimovun anadan olduğu evə gedərək şəhidin ailəsinə baş çəkib və orada anım mərasimi keçirilib. 

Tədbirdə Ombudsman Aparatının, həmçinin Cəlilabad Regional Mərkəzinin əməkdaşları, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) nəzdində müntəzəm və səmərəli fəaliyyət göstərən Liderlik Məktəbinin üzvləri, yerli sakinlər, ağsaqqallar, müharibə veteranları, icmalar, rayonun gənclər təşkilatı, geniş rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər. 

Ombudsman çıxış edərək, Mübariz İbrahimovun doğma Vətən, torpaq yolunda böyük vətənpərvərlik hissi ilə qəhrəmanlıq göstərərək ölkəmizin tarixinə şərəfli bir səhifə yazdığını vurğulayıb. 

Diqqətə çatdırılıb ki, bu gün Mübarizin doğulub boya-başa çatdığı doğma ev hər bir Azərbaycan vətəndaşı üçün qəhrəmanlıq ocağı hesab edilir. Onun kimi qeyrətli oğulları olan Vətən mütləq qələbə qazanacaq. Mübarizin öz şəxsi keyfiyyətləri, vətənpərvərlik hissi ona rahatlıq vermirdi ki, Azərbaycan torpaqlarımız düşmən əlində qalsın və hər zaman ürəyi buna görə çırpınırdı və  qəhrəmanlığı bütün regionda səs saldı. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Mübarizin şücaəti və qəhrəmanlığı yüksək qiymətləndirildi. Qələbə müjdəsi olan Aprel döyüşləri bir daha sübut edir ki, xalqımızın mübariz davamçıları hər an torpaqlarımızı azad etməyə hazırdır və qadirdir.

E.Süleymanova bildirib ki, Ulu öndər Heydər Əliyev BMT tribunasından ölkəmizin xəritəsində əzəli torpaqlarımızı göstərərək sübut etmişdir ki, bu torpaqlar əzəldən Azərbaycan torpaqlarıdır. Onun məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim sülhün bərqərar olunmasını istəyir. O, münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı Ermənistan qüvvələrinin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan edib. 

Hər zaman dövlət başçısı və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinə diqqət və qayğılarını daim artırır, öz növbəsində xalqımız qürur hissi ilə Prezidentin bu siyasətini dəstəkləyir. Bu günlərdə ölkə başçısı və birinci xanım tərəfindən şəhid ailələri ilə görüş keçirilib, onların vəziyyətləri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. 

Eyni zamanda Prezidentin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçularının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanında dəyişiklik edilməsi barədə 28 yanvar 2019-cu il tarixli Fərmanı, habelə “Şəhid ailəsi üçün Prezidentin təqaüdünün artırılması haqqında” 30 yanvar 2019-cu il tarixli Fərmanı, eyni zamanda “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 28 yanvar 2019-cu il tarixli Sərəncamı həmin kateqoriyadan olan şəxslər, ümumilikdə əhali tərəfindən böyük rəğbət və sevinclə qarşılanır.

Müvəkkil çıxışının sonunda Mübariz adlı körpənin dünyaya gəlməsi ilə bağlı şəhidin ailəsini təbrik edib, xoş arzularını bildirib. O, bütün dəyərləri özündə birləşdirən xalqımızın hər zaman xoşbəxt yaşamağa haqqı olduğunu söyləyib.

 Rayon İcra Hakimiyyətinin başçısı, Ağsaqqallar Şurasının sədri, Biləsuvar Gənclər və İdman İdarəsinin rəisi, şəhid ailələrinin üzvləri və müharibə veteranları çıxış edərək, Mübariz  İbrahimovun həyat və qəhərmanlığı barədə ətraflı danışıblar.

Sonda qəhrəmanın atası Mübarizin adını hər zaman yüksək tutan ölkə Prezidenti, onun ailəsi və Azərbaycan xalqına təşəkkürünü bildirib, hamını birliyə çağırıb. 

Sonra Ombudsman, Aparatın əməkdaşları və Liderlik məktəbinin üzvləri Milli Qəhrəman Mübariz  İbrahimov adına Biləsuvar Təhsil Kompleksində olub. Yeni binada yerləşən, müasir avadanlıqla təchiz olunmuş məktəbəqədər və ibtidai sinif otaqlarına baxış keçirilib, uşaqlarla söhbət edilib, təhsilləri ilə maraqlanılıb. Burada məktəbəqədər və ibtidai təhsil binasında uşaqların şəraitinin, qidalanmasının və təlim-tərbiyəsinin yüksək səviyyədə olduğu müşahidə edilib.

Təhsil kompleksinin akt zalında Mübariz  İbrahimovun doğum günü ilə bağlı uşaqlar tərəfindən vətənpərvərlik mövzusunda tamaşalar nümayiş olunduğu tədbirdə Müvəkkil çıxış edib, mövzu ilə bağlı fikirlər söyləyib. 

Tədbirlərdə AUGSŞ-in Liderlik Məktəbinin üzvləri çıxış edərək, Mübarizin qəhrəmanlıq həyatına və şücaətinə həsr olmuş öz yazdıqları, habelə “Azərbaycan” şeirlərini məharətlə söyləyib və iştirakçılar tərəfindən böyük həyəcanla dinlənilib.