Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Gənclər gününə həsr edilmiş tədbirlər keçirilib

04-02-2019 184 dəfə oxunub
Azərbaycan Gənclər gününə həsr edilmiş tədbirlər keçirilib

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova tərəfindən Azərbaycan Gənclər günü münasibətilə paytaxt və regionlarda silsilə maarifləndirmə tədbirləri təşkil olunub.

Belə ki, Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Tovuz rayonunun Gənclər Evi Sosial Xidmət Müəssisəsində, Şəki Regional Mərkəzi tərəfindən Mingəçevir şəhərində, Qəbələ rayonunun Qəmərvan kəndində və Şəki şəhər Fizika-riyaziyyat təmayüllü Liseydə, Cəlilabad Regional Mərkəzi tərəfindən Cəlilabad Tibb və Musiqi-İncəsənət məktəblərində, habelə Lənkəran şəhərində, Quba Regional Mərkəzi tərəfindən isə Qusar şəhər 6 saylı tam orta məktəbdə və bu regional mərkəzin ofisində dövlət qurumları əməkdaşlarının, təhsil işçilərinin, çoxsaylı gənclərin, yuxarı sinif şagirdlərinin, geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər keçirilib.

Habelə Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) nəzdində müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində Azərbaycan Gəncləri günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Ombudsman Aparatının əməkdaşları, Liderlik Məktəbinin üzvləri, uşaq və gənclər, onların valideynləri və müəllimlər iştirak ediblər. 

Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev Müvəkkilin adından iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib və xoş arzularını bildirib. Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 2 fevral 1996-cı il tarixdə gənclərin I forumu keçirilmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən, 1997-ci ildən başlayaraq hər il fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri günü kimi qeyd olunur. 

Ulu öndər tərəfindən əsası qoyulan gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə, o cümlədən uşaq və gənclər siyasətində mühüm nailiyyətlər qazanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın uşaqların və gənclərin hüquqlarının qorunmasını, onların yüksək təhsil almalarını, bilik və bacarıqlarının artırılmasını, istedadlı uşaqların üzə çıxarılmasını daim diqqət mərkəzində saxladığı xüsusi vurğulanıb.

Müvəkkilin insan hüquqları, o cümlədən uşaqların və gənclərin hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ombudsmanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində 2009-2010-cu tədris ilindən etibarən Uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla davam etdirilir. 

Qeyd edilib ki, AUGSŞ müntəzəm və səmərəli fəaliyyət göstərir, Liderlik Məktəbində uşaq və gənclərə bir tədris ili müddətində “Azərbaycan Yurdum Mənim” başlığı altında Azərbaycanın tanınmış şəxsləri, elm, təhsil, mədəniyyət xadimləri tərəfindən ölkəmizin tarixi, təbii sərvətləri, ekologiyası, mədəniyyəti, incəsənəti, eləcə də insan və uşaq hüquqları, vətənpərvərlik, nitq mədəniyyəti, təhsil, sağlamlıq, din, sağlam həyat tərzi və digər mövzularda interaktiv təlim metodundan istifadə edərək mühazirələr oxunur və onlarla geniş müzakirələr aparırlar. 

Ümumilikdə ölkəmizdə uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verildiyini söyləyən Aparatın əməkdaşı Azərbaycanın tarixən öz igid, fəal gəncləri və qəhrəmanları ilə seçildiyini, 7 fevralda doğum günü qeyd ediləcək Mübariz İbrahimovun da qəhrəmanlıq, mübarizlik hissi olduğunu bildirib. Öz şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazmış qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığı diqqətə çatdırılıb. Bu igid gizirin göstərdiyi rəşadətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyi, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə görə Mübarizin Milli Qəhrəman adına layiq görüldüyü vurğulanıb.

Sonra tədbirdə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktub oxunub, sənədli film nümayiş etdirilib. 

İştirakçılar belə tədbirlərin təşkilinə görə Ombudsmana minnətdarlıqlarını bildiriblər.