Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanının nümayəndəsi BMT-nin Əhali Fondunun təşkil etdiyi beynəlxalq tədbirdə iştirak edib

13-12-2018 187 dəfə oxunub
Azərbaycan Ombudsmanının nümayəndəsi  BMT-nin Əhali Fondunun təşkil etdiyi beynəlxalq tədbirdə iştirak edib

5-6 dekabr 2018-ci il tarixdə İstanbul şəhərində BMT-nin Əhali Fondunun  Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin təşkilatçılığı ilə Milli İnsan Hüquqları Təsisatlarının cinsi və reproduktiv sağlamlıq hüquqlarının öyrənilməsi sahəsində rolu mövzusunda qlobal səviyyəli görüşü keçirilib və ölkə təcrübələri üzrə geniş müzakirələr aparılıb.

Beynəlxalq tədbirin sessiyalarına BMT Əhali Fondunun, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRİ) rəsmi şəxsləri, xarici ölkələrin Ombudsmanları, Milli İnsan Hüquqları Təsisatlarının və onları birləşdirən təşkilatların nümayəndələri, beynəlxalq ekspertlər qatılıb və məruzələrlə çıxış ediblər. 

Beynəlxalq konfransda Azərbaycan Ombudsman təsisatını Aparatın şöbə müdiri Rəşid Rumzadə təmsil edib. O, Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın dəstəklədiyi və BMT-nin Əhali Fondunun ölkə Ofisi ilə birgə həyata keçirilən “Azərbaycan Respublikasında cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi” üzrə fəaliyyət, İnsan Hüquqları üzrə Müvəkkilin bu sahədə həyata keçirdiyi işlər barədə məruzə ilə çıxış edib. 

Qeyd edilməlidir ki, Ombudsmanın UNFPA-lə əməkdaşlıqda ilk dəfə olaraq həyata keçirilən bu fəaliyyət çərçivəsində, BMT-nin Universal Dövri İcmal Prosesi (UPR) və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsi (CEDAW) tərəfindən bu istiqamətdə verilmiş tövsiyələr üzrə mövcud vəziyyət və onların tətbiqi imkanları təhlil olunmuş, müəyyən edilən boşluqların aradan qaldırılması istiqamətində bir sıra əhəmiyyətli tövsiyələr hazırlanmış, Azərbaycan və ingilis dillərində çap olunaraq aidiyyəti qurumlara ünvanlanmış və geniş yayılmışdır. 

BMT-nin Əhali Fondunun Baş Ofisi tərəfindən Azərbaycan Respublikasında həyata keçirilmiş bu fəaliyyətin uğur hekayəsi kimi seçilmiş və BMT çərçivəsində yüksək dəyərləndirilmişdir.

Bu sahədə milli siyasət, insan hüquqları əhatə olunmaqla məlumatlandırma və mövcud çətinliklərin həlli üzrə müsbət təcrübənin təşviqi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq kimi sahələrdə Milli İnsan Hüquqları Təsisatlarının rolu sessiyalarda əsas müzakirə mövzularından olub və R.Rumzadə mövzular üzrə Azərbaycan Ombudsmanının təcrübəsini bölüşüb, habelə yeni hədəflər üzrə fikir mübadilələri aparılıb.

Təqdirəlayiq haldır ki, Ombudsmanın illik məruzələrində beynəlxalq tədbirdə müzakirə olunan bir çox məsələlər artıq yer almış və müvafiq qurumlar qarşısında da qaldırılmışdır. Belə ki, Dayanıqlı İnkişaf Məqsədləri (DİM), “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulan insan hüquqları ilə bağlı müddəa və tövsiyələrin öyrənilməsi, əhali arasında geniş maarifləndirmə işinin təşkil edilməsi; DİM üzrə işçi qruplarının tərkibinə müxtəlif sahələrdə ixtisaslaşmış QHT-lərin cəlb olunması, birgə monitorinqlərin davam etdirilməsi və nəticələri üzrə səlahiyyətli orqanlara təkliflərin verilməsi; Azərbaycan Respublikasının Universal Dövri İcmal, habelə BMT-nin saziş qurumlarına hesabatların, həmçinin vətəndaş cəmiyyəti institutları tərəfindən alternativ hesabatların təqdim ediləcəyini nəzərə alaraq, bu sahədə dövlət qurumlarının beynəlxalq təşkilatlar və QHT-lərlə əməkdaşlığının gücləndirilməsi, habelə ictimai müzakirələrin aparılmasına dair təkliflər bu qəbildəndir.

Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsman Təsisatı Milli İnsan Hüquqları İnstitutu olaraq Paris Prinsipləri əsasında qurulmuş müstəqil bir qurumdur və Müvəkkil mandatı çərçivəsində insan hüquqlarının müdafiəsində, vətəndaş mühitinin qorunmasında, insan hüquqlarının və qanunun aliliyinin təşviq edilməsində, vətəndaş cəmiyyətinin dəstəklənməsində bütün imkanlarından istifadə edir və əməkdaşlığa hər zaman açıqdır.

Ölkədə Ombudsman E.Süleymanovanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının “İnsan hüquqlarının müdafiəsinə qalx!” (#StandUpForHumanRights) çağırışı üzrə ümumdünya kampaniyası, habelə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində paytaxt və regionlarda həyata keçirilən silsilə tədbirlər isə, beynəlxalq təşkilatlar və saziş qurumları tərəfindən verilmiş bir sıra tövsiyələrin icrası baxımından da əhəmiyyət daşıyır.