Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman tərəfindən bayramlar münasibətilə tədbirlər təşkil olunub

29-12-2018 9194 dəfə oxunub
Ombudsman tərəfindən bayramlar münasibətilə tədbirlər təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bayramlarda və əlamətdar günlərdə bir ənənə olaraq, əhalinin həssas qruplarına, o cümlədən yetkinlik yaşına çatmayan məhkumlara, habelə ahıllara baş çəkir, onların hüquqlarının təmin olunması vəziyyətini öyrənir, bəzi çətinliklərinin həllində yardımçı olur. 

Ombudsman 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində tədbir təşkil edib. Tədbirdə iştirak edən Müvəkkil, onun Milli Preventiv Qrupunun üzvü Vəfa Verdiyeva, Ombudsmanın Ahılların Resurs Mərkəzinin təmsilçisi Şövkət Xanməmmədova, Penitensiar Xidmətin əməkdaşları, yetkinlik yaşına çatmayan məhkumlar Azərbaycan Respublikasının Dövlət Himnini birgə ifa ediblər.

E.Süleymanova azyaşlı məhkumları bayramlar münasibətilə təbrik edərək, xoş arzularını bildirib. O, dünya Azərbaycanlılarının həmrəyliyinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, soydaşlarımızın birlik və bərabərliyi daha da möhkəmlənmiş, diasporumuz daha fəal qüvvəyə çevrilməkdədir. 

Ombudsman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarına, o cümlədən uşaqların, məhkumların hüquqlarına böyük diqqət yetirildiyini vurğulayıb. O, respublikamızda həyata keçirilən hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə əldə olunmuş nailiyyətlər barədə iştirakçılara ətraflı məlumat verib.

Eyni zamanda Ombudsman dövlətimizin humanist siyasəti nəticəsində 64 Əfv sərəncamının imzalandığını və 11 amnistiya aktının, o cümlədən Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə amnistiya aktlarının qəbul olunduğunun yüksək dəyərləndirildiyini, azadlığa qovuşanların və onların ailə üzvlərinin, bütün xalqımızın böyük sevinci və minnətdarlığı ilə qarşılandığını söyləyib. Fəaliyyət göstərdiyi müddət ərzində Müvəkkilin vəsatətləri üzrə ümumilikdə 638 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayan məhkumların da əfv edilərək azadlığa buraxıldığı bildirilib.

Habelə ölkə Prezidentinin 10 fevral 2017-ci il tarixdə imzaladığı müvafiq Sərəncamının penitensiar sistemin, ümumiyyətlə cəza siyasətinin təkmilləşdirilməsi, humanistləşdirilməsi, habelə cəmiyyətdən təcrid etmədən geniş miqyasda müxtəlif alternativ cəzaların tətbiqini nəzərdə tutduğu, əfv olunma üçün böyük imkanlar açdığı diqqətə çatdırılıb.

Son illərdə müvafiq sahədə qanunvericilik aktlarının liberallaşdırılmasından, penitensiar müəssisələrdə şəraitin, qida rejiminin, cəza çəkən şəxslərə qarşı rəftarın, onlara tibbi yardım göstərilməsinin və islah olunma prosesinin təkmilləşməsindən söz açılıb.

Ombudsman effektiv hüquq müdafiə mexanizmi kimi məqsədi, çoxşaxəli fəaliyyəti, Milli Preventiv Mexanizm qismində gördüyü işlər, ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən penitensiar müəssisələrə müntəzəm keçirilən baxışlar, verilmiş tövsiyələr və onların icrası vəziyyəti barədə məlumat verib.

E.Süleymanova yeniyetmə məhkumlara islah olunmalarını, qanun pozuntularına bir daha yol verməməyi, ailələrinə, sağlam həyat tərzinə qayıtmağı, təhsil almağı və peşələrə yiyələnməyi, faydalı əməklə məşğul olmağı, habelə Vətənimizə layiq, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşmağı tövsiyə edib. 

Ombudsman tərəfindən buradakı uşaqlara, həmçinin 4 saylı cəzaçəkmə müəssisəsindəki uşaqlı analara sovqat, şirniyyat və bayram hədiyyələri paylanılıb. Həmin müəssisələrin rəhbərliyi və məhkumlar göstərdiyi qayğı və diqqətə görə Müvəkkilə minnətdarlıqlarını bildiriblər. 

Sonra Müvəkkil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatda tədbir keçirərək, oranın sakinlərini bayramlar münasibətilə təbrik edib, xoş arzularını bildirib və onlara hədiyyələr paylanılıb.

Qeyd olunmalıdır ki, bayramlar ərəfəsində silsilə tədbirlər Ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzləri tərəfindən, habelə Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində, həmçinin Ahılların Resurs Mərkəzində də təşkil olunub. 

Yeri gəlmişkən, Ombudsman Aparatının əməkdaşı “Autizmlilərin İdman Klubu” İctimai Birliyinin təşkil etdiyi autizm sindromlu uşaq və gənclər üçün keçirilən bayram tədbirində iştirak edib. O, Müvəkkilin salamlarını, bayram təbriklərini və xoş arzularını iştirakçılara çatdırıb.