Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə sərgi təşkil edilib

10-12-2018 10368 dəfə oxunub
10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə sərgi təşkil edilib

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Beynəlxalq İnsan Hüquqları Günü və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Muzey Mərkəzində tədbir-sərgi keçirilib.

Tədbirin açılışında Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İshaqzai, YUNİSEF-in ölkəmizdəki nümayəndəsi Edvard Karvardin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Kamran Bağırov, BMT QAK-ın ölkəmizdəki nümayəndəsi Quido Ambroso, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes və digər beynəlxalq təşkilatların, dövlət qurumlarının, QHT və KİV-lərin nümayəndələri, alimlər iştirak ediblər.

Ombudsman Elmira Süleymanova tədbirdə çıxış edərək, universal sənəd olan Bəyannamənin hüquqi təbiəti, beynəlxalq hüququn mənbələri sırasında yeri, bu sənəddə təsbit edilmiş hüquqların ümumbəşəri dəyərləri, beynəlxalq münasibətlər tarixində ilk dəfə olaraq məhz bu hüquqi aktda hamı tərəfindən əməl olunması nəzərdə tutulan əsas insan hüquqları və azadlıqlarının müəyyən edildiyi, əksər müddəalarının isə sonradan digər beynəlxalq konvensiyalarda və ölkələrin Konstitusiyalarında təsbit edilməsi, ümumilikdə bu sənədin milli hüquqa və bütövlükdə insan hüquqlarının inkişafına təsiri haqqında məlumat verib.

O, Bəyannamənin əlamətdar ildönümünün ölkəmizdə yüksək səviyyədə qeyd edildiyini, bu prosesə müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti, həmçinin respublikanın bütün bölgələrinin cəlb olunmaqla BMT-nin müvafiq ixtisaslaşmış qurumlarının Azərbaycandakı nümayəndəlikləri ilə birgə silsilə tədbirlərin keçirildiyi, həmçinin təməl sənədin prinsiplərinə əsaslanan insan hüquqlarının daha səmərəli müdafiəsi və təşviqi məqsədilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində Ombudsman Aparatı tərəfindən dərc edilən çoxsaylı hüquqi nəşlər nümayiş etdirilib.

Qeyd olunmalıdır ki, təsisatda hüquqi maarifləndirmə məqsədilə çap olunan nəşrlər müntəzəm şəkildə xarici ölkələrin Ombudsman təsisatlarına, İnsan Hüquqları İnstitutlarına, Milli kitabxanalarına, Beynəlxalq İnsan Hüquqları təşkilatlarına, habelə Milli Kitabxana, Prezident Kitabxanası daxil olmaqla,  respublikamızın Mərkəzləşmiş Kitabxana Sistemi şəbəkəsində olan  bütün kitabxanalarına, ali məktəb, eyni zamanda ayrı-ayrı dövlət qurumlarının və müəssisələrinin kitabxanalarına, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların ofislərinə göndərilir.