Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Liderlik Məktəbində tədbir keçirilib

10-12-2018 10381 dəfə oxunub
Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Liderlik Məktəbində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Ombudsman Elmira Süleymanova, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Liderlik məktəbinin yetirmələri, uşaq və gənclər, valideynlər iştirak edib.

Müvəkkil tədbiri giriş sözü ilə açaraq, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri diqqətə çatdıraraq, onun öz xalqını ən çətin vəziyyətlərdən çıxardığını, düzgün yol göstərdiyini, taleyüklü məsələlərin həllində daim müdrik rəhbər kimi çıxış etdiyini bildirib. O, Ulu öndərin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolunu vurğulayıb, dövlət uşaq və gənclər siyasətinin də əsasını qoyduğunu söyləyib. 

Ombudsman qeyd edib ki, bu fenomenal şəxsiyyətin ən böyük amalı müstəqil Azərbaycan dövlətinin davamlı inkişafına nail olmaq idi. Ümummilli liderin respublikamızın hər bir sahəsinin, iqtisadiyyat, elm, təhsil və mədəniyyətinin inkişafına, əhalinin bütün qruplarının, o cümlədən uşaq hüquq və azadlıqlarının müdafiəsi və təmininə böyük diqqət göstərdiyi vurğulanıb. 

Ulu öndərin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə də ölkəmizdə uşaq və gənclərə yönəlmiş inkişaf strategiyalarının əks olunduğu dövlət proqramlarının qəbul edildiyi və uğurla icra olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, müstəqillik, demokratiya yolu ilə irəliləyən xalqımız insan və vətəndaş hüquqlarının müdafiəsi, yeni institutların, o cümlədən Ombudsman təsisatının yaradılması sahəsində Heydər Əliyevin bünövrəsini qoyduğu qətiyyətli siyasətdən bəhrələnmişdir.  

Tədbirdə çıxış edən akademik Vaqif Abbasov Ümummilli liderlə bağlı xatirələrini uşaq və gənclərlə bölüşərək, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslandığını, 1993-cü ildə müstəqilliyini təzəcə qazanmış, müharibə şəraitində yaşayan Azərbaycanın böhran vəziyyətinə düşdüyü bir vaxtda xalqımızın ölkənin gələcəyini Heydər Əliyevə etibar etdiyini diqqətə çatdırıb. Ulu öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, qətiyyəti, iradəsi sayəsində ölkəmizi labüd fəlakətdən qurtardığını vurğulayıb. Məhz bu keyfiyyətlərinə görə bu dahi şəxsiyyət, sözün əsl mənasında, hər bir kəs üçün liderlik nümunəsidir. Qədirbilən xalqımız dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur. 

Habelə akademik iştirakçılara liderlik fəlsəfəsinin mahiyyəti, liderliyin 21 qanunu, liderə xas olan xüsusiyyətlər, şəxsiyyət kimi yetişmələri üçün lazım olan keyfiyyətlər barədə danışıb, sağlam həyat tərzi keçirməyin, pis vərdişlərdən uzaq olmağın vacibliyini bildirib. 

Müasir Azərbaycan dövlətinin memarı və qurucusunun, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən 15 il ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Liderimizin məzarının xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrildiyi bildirilib.

Heydər Əliyev irsinin dərindən öyrənilməsi məqsədilə uşaq və gənclərin Ombudsmana və qonaqlara ünvanladığı çoxsaylı suallar cavablandırılıb, anım tədbiri canlı müzakirələr və fikir mübadiləsi şəraitində davam etdirilib.