Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş tədbirlər keçirilib

04-12-2018 10062 dəfə oxunub
Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş  tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Ombudsman Aparatının əməkdaşları Faiq Ağayev və Müqalib Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilliyi olan şəxslərlə bağlı dövlət siyasəti sektorunun müdiri Lalə Kazımova, həmin nazirliyin Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatının həkim-reabilitoloqu Rəna Əsgərova, Azərbaycan Sosial İş İctimai Birliyi İdarə heyətinin üzvü Gülnarə Pənahova, Liderlik Məktəbinin üzvləri və valideynlər iştirak ediblər. 

Ombudsman Aparatının əməkdaşı M.Mahmudov çıxış edərək BMT Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli Qətnaməsinə əsasən, 3 dekabr tarixinin Beynəlxalq Əlilliyi olan Şəxslər Günü elan edildiyini və hər il bütün dünya ictimaiyyəti tərəfindən geniş qeyd olunduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 27 noyabr tarixli Qərarına uyğun olaraq, həmin gün ərəfəsində aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti institutları tərəfindən əllilliyi olan şəxslər, o cümlədən uşaq və gənclərin iştirakı ilə ölkəmizdə də bir sıra silsilə tədbirlər keçirildiyi bildirilib.

Belə bir beynəlxalq günün qeyd olunmasının bayram etmək üçün deyil, əlilliyi olan şəxslərin və onları təmsil edən qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu qəbildən olan insanların hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyəti öyrənmək və qarşıda duran vəzifələri aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə müzakirə etməklə, cəmiyyətin diqqətini bu sahədə mövcud problemlərin həllinə cəlb etmək, onların ləyaqəti, hüquqları və rifahı üçün lazım olan hər cür dəstəyin verilməsinə nail olmaq məqsədini daşıdığı vurğulanıb.

Müvəkkilin insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi, əlilliyi olan şəxslərin hüquqlarının təmini istiqamətində gördüyü işlər barədə iştirakçılara ətraflı məlumat verilib, ümumilikdə əlilliyin anlayışı, əlillik terminologiyası, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müddəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, Azərbaycanda tibbi modeldən sosial modelə keçid sahəsində görülən işlər, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər bu kimi məsələlərə toxunulub. 

Müvəkkilin və onun tapşırığı əsasında Ombudsman Aparatı əməkdaşlarının mütəmadi olaraq sosial xidmət, təhsil, psixatiriya və penitensiar müəssisələrində monitorinqlər keçirdiyi, əlilliyi olan şəxslərin vəziyyəti ilə maraqlandığı, onların sağlamlıq, təhsil və digər hüquqlarının təmini, məişət şəraitinin yaxşılaşdırılması, sosial və digər problemlərinin həlli üzrə məsul şəxslərə tapşırıq və tövsiyələrin verildiyi, eyni zamanda bu qəbildən olan insanların hüquqi cəhətdən maarifləndirildiyi, onlara qarşı hər hansı bir ayrı-seçkilik, qeyri-insani rəftar və digər hüquqpozmalar olduqda, belə halların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görüldüyü bildirilib. 

Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri L.Kazımova, Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatının Həkim-reabilitoloqu R.Əsgərova, Azərbaycan Sosial İş İctimai Birliyi İdarə heyətinin üzvü G.Pənahova əlilliyi olan şəxslərin sosial-hüquqi müdafiəsi sahəsində dövlətimiz tərəfindən həyata keçirilən islahatlar, əlilliyi olan şəxslərə müxtəlif reabilitasiya xidmətlərinin göstərilməsi yolu ilə onların sosial statusunun bərpa olunması və cəmiyyətə inteqrasiyasının təmin edilməsi, bu sahədə vətəndaş cəmiyyəti institutlarının, ixtisaslı mütəxəsslərlə bərabər valideynlərinin də mühüm rola malik olması barədə məlumat veriblər. Tədbirdə uşaqların çoxsaylı sualları ətraflı cavablandırılıb və interaktiv müzakirələr aparılıb.

Yeri gəlmişkən, Ombudsman Aparatının əməkdaşı M.Mahmudov “Əlilliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası” İctimai Birliyinin Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar bu qəbildən olan uşaq və gənclərin, habelə onların valideynlərinin iştirakı ilə təşkil etdiyi musiqili-əyləncəli tədbirdə də iştirak edib.