Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrupun üzvləri tərəfindən regionlarda başçəkmələr davam etdirilir

28-09-2018 165 dəfə oxunub
Milli Preventiv Qrupun üzvləri tərəfindən regionlarda başçəkmələr  davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Təhsil Nazirliyinin Quba Xüsusi peşə məktəbinə və Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta  İnternat Məktəbinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirilmişdir.

Başçəkmələrdə məqsəd bu müəssisələrdə təhsil alan və yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olmuşdur.

MPQ üzvlərinin, tibb və sosial iş sahəsində ekspertin də iştirak etdiyibaşçəkmələr zamanı müəssisələrin bütün obyektlərinə, o cümlədən yataq, dərs otaqlarına, yeməkxanaya və mətbəxinə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilmişdir.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu təhsil müəssisələrində yaşayan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə fərdi və hüquqi maarifləndirici söhbətlər aparılmış, mövcud vəziyyət öyrənilmişdir.

Qanunla münaqişədə olan uşaqların yerləşdirildiyi Quba Xüsusi peşə məktəbində binanın köhnə olması, ümumi ərazidə, sanitar qovşaqlarda təmir işlərinin  aparılmasına, saxlanma şəraitinin yaxşılaşdırılmasına və işçilərin hüquqi məlumatlılığının artırılması işinin təşkilinə ehtiyacın olduğu müəyyən edilmişdir.

Qeyd olunmalıdır ki, Ombudsman Elmira Süleymanovanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində ölkədə yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sisteminə, milli qanunvericiliyin və bu sahədə təcrübənin təkmilləşdirilməsinə, ümumilikdə isə hüquqi islahatlara dəstək vermək məqsədilə çoxsaylı təşəbbüsləri olmuş, həyata keçirdiyi işlər və preventiv tədbirlər mövcud çətinliklər və ehtiyacların qiymətləndirilməsinə və müvafiq tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verməkdədir. 

Başçəkmələrin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında bu təhsil müəssisələrinin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, uşaq hüquqlarının həyata keçirilməsi və təmininə diqqətin artırılması, bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.

Başçəkmələrin nəticəsi ilə bağlı Təhsil Nazirliyinə müraciət olunacaqdır.