Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər

25-09-2018 215 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ, Şəki və Zaqatala rayonlarındakı, həmçinin Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Qəbələ və Şəki rayonlarındakı “N” saylı hərbi hissə və bölmələrə plan üzrə baxışlar keçiriblər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin, habelə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi, bununla və Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar möhtəşəm hərbi paradların keçirilməsi ilə bağlı söhbətlər aparıb, çoxsaylı suallar cavablandırılıb. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib. 

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.