Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ümumdünya Diabet Gününə həsr olunmuş tədbirlər keçirilib

15-11-2018 157 dəfə oxunub
Ümumdünya Diabet Gününə həsr olunmuş tədbirlər keçirilib

Məlumdur ki, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə 1991-ci ildən etibarən hər il 14 noyabr tarixi Ümumdünya Diabet Günü kimi qeyd edilir. 2006-cı ildə isə BMT Baş Assambleyası ictimaiyyəti xəstəliyin yaranma səbəbləri, simptomları, fəsadları, müalicəsi və profilaktikası barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaq məqsədlə şəkərli diabetlə bağlı qətnamə qəbul edib. 2007-ci ildən başlayaraq həmin gün BMT-nin himayəsi altında keçirilir.

Bu günlərdə Heydər Əliyev Fondunun dəstəyi və Danimarkanın “Novo Nordisk” şirkətinin təşkilatçılığı ilə 14 noyabr - Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib. Bu tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə əhalini sağlam həyat tərzinə təşviq etməkdən ibarət olub.  

Heydər Əliyev Fondunun, Milli Məclisin deputatlarının, Səhiyyə Nazirliyinin, Azərbaycan Diabet Liqasının, digər aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə İtaliya, Danimarka, İran və digər ölkələrdən gələn qonaqların qatıldığı həmin tədbirdə Ombudsman Aparatının əməkdaşı Müqalib Mahmudov da iştirak edib.

Ümumdünya Diabet Gününə həsr olunmuş digər bir tədbir Səhiyyə  Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Respublika Endokrinologiya Mərkəzinin və Azərbaycan Diabet Liqasının birgə əməkdaşlığı ilə “Diabetə birlikdə qalib gələk!” və “ Diabet və Ailə”  devizi altında keçirilib. 

M.Mahmudov tədbirdə çıxış edərək əhalinin sağlamlığının qorunması, o cümlədən diabetli şəxslərin sosial-hüquqi müdafiəsi istiqamətində dövlətimiz tərəfindən görülən işlər, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın bu sahədəki genişmiqyaslı fəaliyyəti barədə məlumat verib.

Böyük minnətdarlıq hissi ilə vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu diabetli uşaqları daim diqqət mərkəzində saxlayır, onların keyfiyyətli tibbi yardım almasına dəstək göstərir. 

Qeyd olunub ki, Azərbaycanda diabetli şəxslərin müalicəsi istiqamətində görülən zəruri tədbirlər nəticəsində “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” xüsusi Qanunun qəbul edilməsi, 2006-2010-cu və 2011-2015-ci illər üçün şəkərli diabet üzrə iki dövlət proqramlarının təsdiq edilərək icra olunduğu, hazırda isə 2016-2020-ci illəri əhatə edən üçüncü  dövlət proqramının icrasının uğurla davam etdirildiyi, bütün bunların isə şəkərli diabetin profilaktikasına, ondan əziyyət çəkən pasyentlərə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və diabet nəticəsində yaranan fəsadların qarşısının alınmasına xidmət etdiyi bildirilib.

Müvəkkilin şəkərli diabetdən əziyyət çəkən abituriyentlərə qəbul imtahanları zamanı həkim yardımına sərf olunan vaxtın nəzərə alınması ilə bağlı təklifinin müsbət qarşılandığı, bu qəbildən olan abituriyentlərin əvvəlcədən lazımı tibbi sənədlərini təqdim etməklə qeydiyyata alındıqları təqdirdə onlara zəruri şəraitin yaradılmasının təmin edildiyi söylənilib.

Ombudsmanın şəkərli diabeti olan şəxslərin lantus və digər şəkərsalıcı preparatlar ilə təmin edilməsi üzrə müraciətlərinin müsbət həll olunduğu, onun tərəfindən irəli sürülən təkliflərə əsasən ötən illərdə diabetli şəxslərin profilaktikası və müalicəsi üçün ayrılan büdcə vəsaitinin məbləğinin də əhəmiyyətli dərəcədə artırıldığı vurğulanıb. 

Müvəkkil bu ilin 7 noyabr tarixində Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəsində iştirak edərək əhalinin sosial rifah halının yaxşılaşdırılması, sağlamlığının qorunması ilə bağlı bir sıra təkliflərlə çıxış etdiyi diqqətə çatdırılıb.

Yeri gəlmişkən, təqdirəlayiq haldır ki, 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çox olması nəzərdə tutulub ki, bunun da böyük bir hissəsi şəkərli diabetin müalicəsi və profilaktikasına yönəlib. Belə ki, əgər 2018-ci ildə dövlət büdcəsində bu rəqəm 36 milyon idisə, 2019-cu ildə 44,3 milyon manat olacaq. Yəni, 2018-ci illə müqayisədə büdcədə 8,5 milyon manatlıq artım gözlənilir. Bu isə ötən illərlə müqayisədə təxminən 30 faiz artım deməkdir. Beləliklə, bu ilin dövlət büdcəsi sosialyönümlü xarakter daşıyır.