Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Beynəlxalq Sülh Günündə şagirdlər sülh rəmzi olan göyərçini havaya uçurdaraq hər kəsi sülhə səsləyiblər

21-09-2018 10353 dəfə oxunub
Beynəlxalq Sülh Günündə şagirdlər sülh rəmzi olan göyərçini havaya uçurdaraq hər kəsi sülhə səsləyiblər

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq  21 avqust - 21 sentyabr tarixlərində keçirilən Sülh Aylığı çərçivəsində Bakıda və respublikamızın rayonlarında silsilə tədbirlər təşkil olunub.

Bununla əlaqədar olaraq Bakı şəhəri Suraxanı rayonu 275 saylı tam orta məktəbdə 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib. Bu maarifləndirici tədbirdə Ombudsman Aparatının əməkdaşları İlahə Əfqanlı və Dilşad İsmayılova, habelə məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Məktəbin direktoru Fəridə Şərifova Sülh Aylığı təşəbbüsünün irəli sürülməsinə görə Ombudsmana minnətdarlığını bildirib, tədbirin məqsədini açıqlayıb, məktəbin fəaliyyəti haqqında məlumat verib.

Şagirdlər Beynəlxalq Sülh Gününün təsis olunmasının tarixi və onun əhəmiyyəti, həmin günün 1981-ci ildə təsis edildiyi, ilk sülh gününün 1981-ci ilin sentyabr ayının 3-cü çərşənbə axşamı qeyd olunduğu, lakin 2002-ci ildən etibarən BMT tərəfindən Beynəlxalq Sülh Günü üçün 21 sentyabr tarixinin dəqiq tarix kimi müəyyən edildiyi və bu tarixin həm də ümumdünya atəşkəs günü elan olunduğu barədə hazırladıqları məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb, sülhə həsr olunan şeirlər söyləyib və rəqs nömrələri ilə çıxış ediblər.

Müvəkkilin nümayəndələri tədbirdə çıxış edərək, sülh hüququnun azadlıq, bərabərlik, heç bir ayrı-seçkiliyə yol vermədən insanların müqəddəs hüququ kimi bəyan edildiyini, 2018-ci il üçün Beynəlxalq Sülh Gününün mövzusunun “Sülh hüququ: Ümumdünya İnsan Hüquqları Bəyannaməsi - 70” adlandırıldığını, Ombudsmanın fəaliyyəti dövründə sülh hərəkatının formalaşdırılmasına, sülh mədəniyyətinin təbliğinə, bu sahədə dövlət qurumları, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa, xüsusilə uşaq və gənclər arasında sülh təhsili və maarifləndirmə istiqamətlərinə hər zaman önəm verildiyini diqqətə çatdırıblar. Onlar Müvəkkilin təşəbbüsü ilə keçirilən bu tədbirlərin əhalinin müxtəlif qruplarının hüquqi cəhətdən maarifləndirilməsi, hüquqlarının bərpası istiqamətində müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq nəticəsində uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verdiyini vurğulayıblar.

Tədbirdə səmərəli fikir mübadiləsi aparılıb və iştirakçıların sualları ətraflı cavablandırılıb, Ombudsman təsisatında hazırlanmış hüquqi nəşrlər məktəb kitabxanasına hədiyyə edilib.

Tədbirin sonunda şagirdlər sülh rəmzi olan göyərçini havaya uçurdaraq, hər kəsi sülhə səsləyiblər.