Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı British Council tərəfindən keçirilən təlim-seminarda iştirak edib

15-11-2018 174 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı British Council tərəfindən keçirilən təlim-seminarda iştirak edib

Bu günlərdə Birləşmiş Krallığın Azərbaycanda fəaliyyət göstərən British Council Təşkilatının Mədəniyyət Nazirliyi ilə əməkdaşlığı çərçivəsində etnik mənsubiyyətindən, yaxud fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanan “Unlimited” (Limitsiz) layihəsi üzrə təlim-seminar keçirilib.

Layihənin əsas məqsədi məhdud imkanlı şəxslərin hüquq və imkan bərabərliyi prinsiplərini izah, müvafiq və nəzakətli danışıq dilini dərk və ondan istifadə, məhdud imkanlı insanların qarşılaşdığı maneələri müəyyən etmək və bu maneələri aradan qaldırmağın yolunu tapmaq, habelə inklüziv təcrübəni göstərən alternativ variantları xarakterizə etməkdən ibarət olan təlim 2012-ci il London Yay Olimpiya və Paraolimpiya oyunları mərasimlərində müyəssərlik üzrə menecer kimi fəaliyyət göstərmiş Barbara Lisiki və JODİ mükafatının sahibi, həmçinin “Shape arts” təşkilatının təlimatçısı Zoi Partinqton tərəfindən aparılıb.

Aidiyyəti dövlət orqanlarının, ixtisaslaşmış QHT və KİV nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı ilə keçirilən həmin təlim-seminarda Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi Aydan Talıbova iştirak edib.

Tədbirdə əlilliyin anlayışı, əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkiliyin aradan qaldırılması, ölkəmizdə müvafiq sahə ilə bağlı tibbi modeldən sosial modelə keçidin əhəmiyyətindən bəhs edilib, mövcud problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb. Qrup işində fəal iştirak edən A.Talıbova Müvəkkilin əlilliyi olan şəxslərin  hüquqları ilə bağlı normativ hüquqi bazanın və onun tətbiqi təcrübəsinin təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyü təkliflər barədə məlumat verib, eləcə də kütləvi-informasiya vasitələrində həmin şəxslərin hüquqlarının müdafiəsi və təbliği ilə əlaqədar aparılan maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacib olduğunu bildirib. 

İki gün davam edən tədbir iştirakçılar tərəfindən təlimin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi ilə başa çatıb.