Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Konstitusiya Günü münasibətilə regionlarda hüquqi maarifləndirici tədbirlər keçirilib

14-11-2018 150 dəfə oxunub
Konstitusiya Günü münasibətilə regionlarda hüquqi maarifləndirici tədbirlər keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa raynonu 2 saylı tam orta məktəbdə, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evində, Şəki Regional Mərkəzi tərəfindən Zaqatala rayonu 3-cü Tala kəndində, habelə Quba Regional Mərkəzi tərəfindən Quba şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində 12 Noyabr - Konstitusiya Günü münasibətilə yerli sakinlərin, məktəb şagirdlərinin və müəllimlərin geniş iştirakı ilə hüquqi maarifləndirici tədbirləri keçirilib.

Regional mərkəzlərin rəhbərləri tədbir iştirakçılarına Ombudsman Elmira Süleymanovanın salamlarını, təbriklərini və xoş arzularını çatdırıblar. Onlar müstəqil Azərbaycan Respublikasında konstitusiya quruculuğu tarixi barədə məlumat verərək, qeyd ediblər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilib, 12 noyabr 1995-ci ildə referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Diqqətə çatdırılıb ki, Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarət olan yeni konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib.

Konstitusiyamızla nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının təminində konstitusiyanın müəyyən etdiyi rəhbər prinsipləri diqqətə çatdıran regional mərkəzlərin rəhbərləri konstitusiyanın məzmununun öyrənilməsinin hər bir vətəndaşın vətəndaşlıq borcu olduğunu bildiriblər.

Tədbirlərdə Ombudsman tərəfindən insan hüquqları sahəsində həyata keçirilən çoxşaxəli fəaliyyət barədə ətraflı məlumat verilib.

Həmin tədbirlər mövzu ilə bağlı aktiv müzakirələr şəraitində davam etdirilib.