Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrupun üzvləri tərəfindən regionlarda başçəkmələr davam etdirilir

11-09-2018 155 dəfə oxunub
Milli Preventiv Qrupun üzvləri tərəfindən regionlarda başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) Müvəqqəti saxlama yerinə həyata keçirilmişdir. 

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmini, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılmış, kameralara baxışlar keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılmış, mövcud ehtiyaclar öyrənilmişdir.

Başçəkmə zamanı MSY-də yalnız inzibati qaydada həbs edilmiş şəxslər olmuş, müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması məqsədilə MPQ üzvləri tərəfindən onlar fərdi qaydada qəbul edilmiş, müraciətləri dinlənilmiş, hər birinə Ombudsmanın səlahiyyətləri izah olunmuş və hüquqi məsləhətlər verilmişdir.

Başçəkmənin yekununda MSY rəisi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, müraciətlərin göndərilməsi, sənədləşmə, qeydiyyatla bağlı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilmişdir.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaqdır.