Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Yuvenal Ədliyyə islahatlarına dəstək məqsədilə hüquqi maarifləndirmə işi davam etdirilir

07-09-2018 200 dəfə oxunub
Yuvenal Ədliyyə islahatlarına dəstək məqsədilə hüquqi maarifləndirmə işi davam etdirilir

Ombudsman, YUNİSEF, Ədliyyə və Polis Akademiyalarının birgə əməkdaşlığında hakimlər, prokurorluq, polis, ədliyyə və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarına ünvanlanan “Uşaqlar üçün Ədliyyə”, “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi” mövzularında hüquqi maarifləndirmə və bacarıqların artırılması məqsədi daşıyan fəaliyyət çərçivəsində növbəti üç günlük treninq Şəkidə davam etdirilmişdir.

Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sahəsində bacarıqların artırılması məqsədini daşıyan treninqlər, həm də yuvenal ədliyyə sistemində islahatların qanunla münaqişədə olan uşaqlara təsirinin qiymətləndirməsi, yerli icra hakimiyyəti orqanları nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaların fəaliyyətinə yeni yanaşmaların, mövcud çətinliklərin aradan qaldırılması baxımından da əhəmiyyətlidir.

Şəkidə keçirilmiş treninqdə məhkəmə, prokurorluq, polis, probasiya, sosial xidmət və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, vəkillər iştirak etmişlər. Treninqdə YUNİSEF, Ədliyyə və Polis Akademiyalarının nümayəndələri, o cümlədən Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə ekspert qismində iştirak etmiş və yuvenal ədliyyəyə dair mövzularda təqdimatlar edilmişdir. 

Ombudsmanın nümayəndəsi, BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələri əsasında uşaqların ən ümdə maraqlarının təmini təcrübəsi, hüquqazidd davranış nümayiş etdirən və saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə işin təşkili,  cinayətdə şübhəli bilinən uşaqlarla davranış və prosedur qaydalar barədə danışmış, bu sahədə xarici ölkələrin təcrübəsi, SPT, CPT tövsiyələri, digər beynəlxalq və regional standartların praktik tətbiqi məsələləri, habelə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmələr əsasında göstərilən yanaşmalarla bağlı geniş məlumat vermişdir.

Qeyd olunmalıdır ki, Ombudsman Elmira Süleymanovanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində ölkədə yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sisteminə, milli qanunvericiliyin və bu sahədə təcrübənin təkmilləşdirilməsinə, ümumilikdə isə hüquqi islahatlara dəstək vermək məqsədilə çoxsaylı təşəbbüsləri olmuş, həyata keçirdiyi işlər və preventiv tədbirlər mövcud çətinliklər və ehtiyacların qiymətləndirilməsinə və müvafiq tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verməklə yanaşı, BMT-nin Uşaq Hüquqları Komitəsi, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsi və digər beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş bir sıra tövsiyələrin icrası baxımından da mühüm əhəmiyyət daşıyır.