Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Hərbi hissələrə Ombudsman Aparatının əməkdaşları tərəfindən növbəti baxışlar keçirilib

08-11-2018 215 dəfə oxunub
Hərbi hissələrə Ombudsman Aparatının əməkdaşları tərəfindən növbəti baxışlar keçirilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları tərəfindən hərbi hissələrə başçəkmələr müntəzəm qaydada davam etdirilir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, Aparatın əməkdaşı Vüqar Heydərov və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Müdafiə Nazirliyinin, FHN-inMülki Müdafiə və DİN-in Daxili qoşunlarının Cənub bölgəsindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin öyrənilməsi olub.

Aparatın əməkdaşları həmin hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirib, qarşıdan gələn 9 noyabr - Dövlət Bayrağının 100 illiyi, 12 noyabr - Konstitusiya günü və 17 noyabr - Milli Dirçəliş günü münasibətilə Ombudsman Elmira Süleymanovanın adından təbrikləri və xoş arzuları zabit və əsgərlərə çatdırıblar. 

Görüşlərdə həmçinin vurğulanıb ki, bu il əlamətdar hadisələrlə zəngindir, 100 illiyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər böyük tarixi nailiyyətlərlə yanaşı, müstəqil respublikamızın Dövlət Bayrağı da təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkəmizdə Xalq Cümhuriyyəti İlinin elan olunması, bununla əlaqədar paytaxt və regionlarda silsilə konfransların, tədbirlərin təşkili, o cümlədən Milli Ordunun yaradılmasının və Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı möhtəşəm hərbi paradların keçirilməsi hər bir vətəndaşda fərəh hissi yaşadır. Dövlət Bayrağının 100 illiyi ilə bağlı tədbirlər də bu qəbildəndir.

Şəxsi heyətin diqqətinə çatdırılıb ki, bu il anadan olmasının 95-ci və hakimiyyətə qayıtmasının 25-ci ildönümlərini qeyd etdiyimiz Ümummilli liderimiz Heydər Əliyevin böyük səyləri ilə 1995-ci ildə qəbul olunmuş müstəqil respublikamızın ilk Konstitusiyası sonrakı dövrlərdə referendumlar nəticəsində daha da təkmilləşmiş, insan hüquqlarının daha səmərəli təmininə zəmin yaratmışdır. Hazırda ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişaf və mühüm islahatların aparılması, insan hüquqları istiqamətində irəliləyişlər, ordu quruculuğundakı böyük nailiyyətlər, o cümlədən 2016-cı ilin aprel qələbəsi xalqımız tərəfindən rəğbət hissi ilə dəyərləndirilir.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, Müvəkkilin bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik, hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıblar. Görüşlərdə aparılan hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, həmçinin şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumun yüksək səviyyəsi, Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində görülən işlərin əhəmiyyəti vurğulanıb. 

Hərbi hissələrin bütün obyektlərinə baxışlar keçirilib, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, onlarla rəftar, həmçinin qidanın keyfiyyəti, müalicə işinin və asudə vaxtın təşkili, habelə şəxsi heyətlə aparılan tərbiyəvi işin təşkili səviyyəsi müsbət qiymətləndirilib. 

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına və aidiyyəti şəxslərinə müvafiq tövsiyələr verilib. 

Müdafiə Nazirliyinin hərbi hissələrinə keçirilmiş baxışlar zamanı həmin nazirliyin aidiyyəti idarələrinin zabitləri də iştirak edib.

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.