Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Ombudsman silsilə tədbirlər təşkil edib

19-10-2018 10337 dəfə oxunub
18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Ombudsman silsilə tədbirlər təşkil edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Bakıda və regionlarda əhalinin müxtəlif qruplarının iştirakı ilə silsilə tədbirlər təşkil edib. 

Əlamətdar gün ərəfəsində Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Kimya Xidmətinin və Mühəndis Qoşunları İdarəsinin tabeliyindəki hərbi hissələrə plan üzrə baxışlar zamanı Müvəkkilin bayram təbriklərini və xoş arzularını hərbi qulluqçulara çatdırıblar. 

Ombudsmanın Gəncə Regional Mərkəzi Yevlax Rayon Gənclər Evində, Şəki Regional Mərkəzi Mingəçevir şəhərində, Balakən rayonunun İtitala, Oğuz rayonunun Yemişənli və Şəki rayonunun Birinci Biləcik kəndlərində, Quba Regional Mərkəzi Qusar şəhər 3 və 6 saylı məktəblərdə, Cəlilabad Regional Mərkəzi Cəlilabad Rayon Təhsil Şöbəsi və həmin rayonun Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə Cəlilabad şəhər 8 saylı tam orta məktəbdə, həmçinin Müvəkkilin resurs mərkəzlərində Dövlət Müstəqilliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Həmin tədbirlərdə dövlət qurumlarının əməkdaşları, bələdiyyə üzvləri, təhsil və kitabxana işçiləri, QHT-lərin nümayəndələri, fəal gənclər, müəllim və şagirdlər, geniş ictimaiyyət iştirak ediblər.

Silsilə tədbirlərdə Ombudsmanın nümayəndələri çıxış edərək, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımızın ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri – dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini hər zaman qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr verdiyini bildiriblər.

 Çıxışçılar dövlət müstəqilliyimizin bərpasının azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratdığını, Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 27 il keçməsini, Şərqdə ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himnini, gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsinin Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə, həmçinin Xalq Cümhuriyyətin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürünün olmasını vurğulayıblar. 

Müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycanın keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə siyasəti və Dağlıq Qarabağ problemi ilə üz-üzə qalması, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyulması, dövlətlə xalqın birliyinin təmin edilməsi, ictimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanmasının bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratması bildirilib.

1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasının milli dövlət quruculuğunun bünövrəsini təşkil etməklə müasir dövlətin bütün qurum və təsisatlarının formalaşdırılmasında, hakimiyyət bölgüsü prinsiplərinin tam təşəkkül tapmasında mühüm rol oynaması, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində geniş islahatların aparılması qeyd olunub. 

Ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması, Ombudsman Elmira Süleymanovanın insan hüquqları, o cümlədən uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, miqrantların, hərbi qulluqçuların, məhkumların və digər qrupların hüquqlarının təmini sahəsində apardığı geniş fəaliyyət barədə ətraflı məlumat verilib. 

Tədbirlərdə digər iştirakçılar, o cümlədən dövlət qurumlarının əməkdaşları, məktəb müəllimləri, kitabxana işçiləri, yerli sakinlər mövzu ilə bağlı çıxışlar edib, şagirdlərin hazırlıdağı ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Keçirilən silsilə tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb və təşkilinə görə Ombudsmana minnətdarlıq bildirilib. 

Eyni zamanda Müvəkkil bu əlamətdar gün münasibətilə dövlət qurumlarına, elm və ali təhsil ocaqlarına, ictimai birliklərə, QHT-lərə, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına təbriklər göndərib və xoş arzularını bildirib.