Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Ombudsman silsilə tədbirlər təşkil edib

19-10-2019 10421 dəfə oxunub
18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Ombudsman silsilə tədbirlər təşkil edib

Ölkəmizin tarixinin ən şanlı səhifələrindən biri də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günüdür. Dövlət müstəqilliyinin yenidən bərpasından ötən 27 il müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, hüquqi, sosial-iqtisadi və mədəni inkişafı tarixində mürəkkəb və şərəfli mərhələ olub. 

18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Ombudsman Elmira Süleymanovanın tapşırığı ilə Aparatın və Regional  Mərkəzlərin əməkdaşları tərəfindən Bakıda və regionlarda əhalinin müxtəlif qruplarının iştirakı ilə təhsil və mədəniyyət müəssisələrində, hərbi hissələrdə, Müvəkkilin resurs mərkəzlərində silsilə tədbirlər təşkil olunub. Bu tədbirlərdə dövlət qurumlarının əməkdaşları, hərbi qulluqçular, bələdiyyə üzvləri, təhsil və kitabxana işçiləri, QHT-lərin nümayəndələri, fəal gənclər, müəllim və şagirdlər, geniş ictimaiyyət iştirak ediblər.

Ombudsmanın nümayəndələri tədbirlərdə Müvəkkilin bayram təbriklərini və xoş arzularını iştirakçılara çatdırıblar. Onlar çıxış edərək, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımızın ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri – dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini hər zaman qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr verdiyini bildiriblər.

 Tədbirlərdə dövlət müstəqilliyimizin bərpasının azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratdığı, Şərqdə ilk demokratik respublika olmuş və bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını, himnini, gerbini öz dövlət atributları kimi qəbul etməsi barədə məlumat verilib.

Müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycanın keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə siyasəti və Dağlıq Qarabağ problemi ilə üz-üzə qalması, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində müstəqilliyimizin itirilməsi təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyulması, dövlətlə xalqın birliyinin təmin edilməsi, ictimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanmasının bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratması, ölkə Prezidenti cənab İlham Əliyevin bu məqsədyönlü siyasəti uğurla davam etdirdiyi bildirilib.

1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasının milli dövlət quruculuğunun bünövrəsini təşkil etməklə müasir dövlətin bütün qurum və təsisatlarının formalaşdırılmasında, hakimiyyət bölgüsü prinsiplərinin tam təşəkkül tapmasında mühüm rol oynaması, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində geniş islahatların aparılması qeyd olunub. 

Ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması, Ombudsman Elmira Süleymanovanın insan hüquqları, o cümlədən uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, miqrantların, hərbi qulluqçuların, məhkumların və digər qrupların hüquqlarının təmini sahəsində apardığı geniş fəaliyyət barədə ətraflı məlumat verilib. 

Ombudsmanın Gəncə Regional Mərkəzi müstəqillik günü ilə bağlı çoxsaylı fəal gənclərin, geniş ictimaiyyətin iştirakı ilə tədbirlər keçirib, müstəqilliyin tarixi və ötən dövrün nailiyyətləri vurğulanıb.

Cəlilabad Regional Mərkəzi tərəfindən təşkil olunmuş tədbirlərdə yerli sakinlərə və şagirdlərə Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil Azərbaycan Respublikasının inkişafı və uğurları diqqətə çatdırılıb. 

Şəki Regional Mərkəzinin əlamətdar gün ərəfəsində əhalinin geniş iştirakı ilə keçirilmiş tədbirlərində müstəqilliyin bərpa olunmasında Azərbaycan xalqının xidmətləri haqqında danışılıb. 

Quba Regional Mərkəzi də mövzu ilə əlaqədar silsilə tədbirlər təşkil edib və əhaliyə, çoxsaylı məktəblilərə tarixi məlumatlar çatdırıb. Həmçinin Müstəqillik günündə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov və Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov Ombudsmanın Quba Regional Mərkəzində olmuş, Mərkəzin çoxşaxəli fəaliyyəti ilə tanış olublar. Eyni zamanda V.Şkolnikov BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Avropa İttifaqının birgə həyata keçirdiyi “İnsan hüquqlarının təşviqi və səmərəli müdafiəsi sahəsində milli tərəfdaşların bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Quba Regional Mərkəzində hüquqşünaslar tərəfindən əhalinin müxtəlif qruplarından olan şəxslərə göstərilən ödənişsiz hüquqi yardım prosesinin icra olunmasını müşahidə ediblər. Səfər çərçivəsində qonaqlar Müvəkkilin fəaliyyətini yüksək dəyərləndirmişlər.

Bununla yanaşı, Ombudsman Aparatının əməkdaşları Müstəqillik Günündə Müdafiə Nazirliyinin hərbi hissələrində olub, Müvəkkilin bayram təbriklərini hərbi qulluqçulara çatdırıb,  hərbi qulluqçularla onların insan hüquqları və qorunması vəziyyəti, həmçinin Azərbaycanın müstəqillik illərində ordunun  möhkəmlənməsi, əsgər və zabitlərin peşəkarlığının artırılması, vətənpərlik ruhunun yüksəldilməsi ilə bağlı geniş söhbətlər aparılıb.

Keçirilən silsilə tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb və təşkilinə görə Ombudsmana minnətdarlıq bildirilib.

Eyni zamanda Müvəkkil bu əlamətdar gün münasibətilə dövlət qurumlarına, elm və ali təhsil ocaqlarına, ictimai birliklərə, QHT-lərə, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına təbriklər göndərib və onlarla xoş arzularını bölüşüb.