Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlər təşkil edir

01-11-2018 213 dəfə oxunub
Ombudsman Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlər təşkil edir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində Bakıda və rayonlarda Ombudsman və regional mərkəzləri, müvafiq dövlət qurumları, o cümlədən yerli icra hakimiyyəti orqanları, həmçinin bələdiyyələr, QHT-lər və icmalar tərəfindən silsilə maarifləndirmə tədbirləri təşkil edilir və buraya çoxsaylı uşaqlar da cəlb olunur.

Növbəti belə silsilə tədbirlər Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Goranboy və Tovuz rayonlarında yerləşən İnteqrasiya təlimli internat tipli gimnaziyalarında, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında, Cəlilabad Regional Mərkəzi tərəfindən Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada, Lerik rayonu Piran kənd, Lənkəran şəhər 5 saylı və Astara şəhər 3 saylı məktəblərdə, Quba Regional Mərkəzi tərəfindən Qubadakı Heydər Əliyev Mərkəzində, Şabran rayon 5 saylı və Qusar şəhər 6 saylı məktəblərdə, Şəki Regional Mərkəzi tərəfindən isə Qax rayonunun Sarıbaş və Oğuz rayonunun Bucaq kəndlərində keçirilib.

Həmin tədbirlərdə müvafiq dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyətlərinin, rayon təhsil və mədəniyyət şöbələrinin, habelə bələdiyyələrin və icmaların nümayəndələri, fəal gənclər, çoxsaylı müəllimlər, uşaqlar və valideynlər iştirak ediblər. 

Adı çəkilən regional mərkəzlərin rəhbərləri tədbirlərdə iştirakçılara Ombudsmanın salamlarını çatdıraraq bildiriblər ki, ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının bu il qəbul edilməsinin 29-cu ili tamam olur və 20 noyabr tarixi bütün dünyada Ümumdünya Uşaqlar günü kimi qeyd edilir. Bu münasibətlə Müvəkkilin təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmalar tərəfindən uşaqların fəal iştirakı ilə uşaq hüquqları mövzusunda müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr və sərgilər təşkil olunur ki, bu da uşaq hüquqlarının səmərəli təmininə və təbliğinə xidmət edir. 

Ombudsmanın digər hüquqlarla yanaşı uşaq hüquqlarının təmini və müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələri, eyni zamanda təsisatda uşaqlarla bağlı 916 qaynar xətt xidmətinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Habelə qeyd olunub ki, E.Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakı və regionlardakı orta ümumtəhsil məktəblərində 2009-cu ildən Uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla həyata keçirilir.

Tədbirlərdə mövzu ilə bağlı digər qurumların nümayəndələri də çıxışlar ediblər. İştirakçılar uşaq hüquqlarının əhəmiyyətini bildirərək bu istiqamətdə Ombudsman təsisatının uğurlu fəaliyyətini vurğulayıb, bunun nəticəsində uşaq hüquqları ilə məlumatlılığın ölkəmizdə daha da genişləndiyini söyləyib, Uşaq Hüquqları Aylığı çərçivəsində gördüyü işlər barədə məlumat veriblər.

Tədbirlər müzakirə şəraitində davam edib, uşaqların sualları ətraflı cavablandırılıb,  onlar uşaq hüquqları ilə bağlı biliklərini təqdim ediblər. Sonda iştirakçılar Uşaq Hüquqları Aylığının təşəbbüsünə və bu silsilə tədbirlərin keçirilməsinə görə Ombudsmana dərin təşəkkürlərini bildiriblər.

Uşaq Hüquqları Aylığı çərçivəsində tədbirlər davam etdirilir.