Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirmişdir

17-08-2018 181 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirmişdir

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətində penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi mühüm yer tutur. Bu məqsədlə Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən həmin müəssisələrdə müntəzəm olaraq başçəkmələr, saxlanılan şəxslərlə görüşlər keçirilir və qaldırılan məsələlərin həlli istiqamətində yanaşmalar göstərilir.

Növbəti başçəkmə Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına keçirilmişdir. 

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, müraciətlərinin qəbulu və digər hüquqların təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılmışdır.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunmuş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmış, bəzi şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildirmişlər. 

Başçəkmə çərçivəsində Ombudsmana ünvanlanmış ərizələr qəbul olunmuş, qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilmiş, bir sıra müraciətlər isə yerində təmin edilmişdir. 

Qeyd olunanlarla yanaşı, başçəkmə çərçivəsində bu müəssisə üzrə Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyəti də yerində yoxlanılmış, saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə söhbətlər aparılmış və müvafiq tövsiyələr verilmişdir.

Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaqdır.