Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Rusiyanın Azərbaycandakı səfirini qəbul etdi

15-08-2018 150 dəfə oxunub
Ombudsman Rusiyanın Azərbaycandakı səfirini qəbul etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Rusiya Federasiyasının Azərbaycan Respublikasına təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və səfirliyin konsulluq şöbəsinin müdiri Andrey Mixalskiyi onların xahişi ilə qəbul etmişdir.

Tanışlıq məqsədi daşıyan görüşdə E.Süleymanova Avropa Şurasına üzv olduqdan sonra ölkəmizdə qəbul edilən Konstitutsiya Qanunu əsasında ilk Ombudsman təsisatının yaradılması, mandatı, əsas fəaliyyət istiqamətləri, müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsi, dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, hüquqi maarifləndirmə, beynəlxalq təşkilatlarla və xarici həmkarları ilə əməkdaşlıq əlaqələri haqqında qonağa ətraflı məlumat vermişdir. 

Müvəkkil Rusiya Federasiyası və onun subyektləri olan Tatarıstan və Dağıstan Respublikaları, habelə Moskva, Sverdlovsk, Orenburq, Kaluqa və Saratov vilayətlərinin ombudsmanları ilə insan hüquqları sahəsində ikitərəfli əməkdaşlığa dair saziş imzalandığını vurğulamışdır. 

O, iki ölkə arasında ənənəvi dostluq və gündən-günə möhkəmlənən strateji əməkdaşlığın bütün sahələrdə olduğu kimi insan hüquqları sahəsində də uğurla inkişaf etdirildiyini diqqətə çatdırmışdır. Belə ki, RF-nin İnsan Hüquqları üzrə Müvəkkili ilə qurulan sıx əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaşlarının RF ərazisində, RF vətəndaşlarının isə ölkəmizin ərazisində pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi, o cümlədən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanılanların vəziyyətinin müntəzəm araşdırılması, barələrində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxslərə ombudsmanların öz səlahiyyətləri daxilində yardım göstərilməsi istiqamətində səmərəli iş aparıldığı vurğulanmışdır.

Ombudsman tərəfindən ölkənin hər bir rayon və şəhərində ictimai dinləmələrin keçirildiyi, həmin tədbirlər çərçivəsində şikayətçilərin təkbətək qəbul edildiyi, onların qaldırdıqları məsələlərin həlli üzrə tədbirlər görüldüyü, əldə edilən nəticələrin təhlil edilərək ümumiləşdirildiyi, kitab şəklində nəşr edildiyi və ictimaiyyətə təqdim olunduğu vurğulanmışdır. 

Müvəkkil həmçinin ölkə hüdudlarından məcburi kənara çıxarılma və girişə məhdudiyyət qoyulması haqqında qərarların icrası ilə bağlı mövcud problemlərdən söhbət açaraq belə müraciətlərin “ailə birləşməsi” prinsipinə uyğun araşdırılmasının və həll edilməsinin vacibliyini qeyd etmişdir. 

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı M.Boçarnikovun sualını cavablandıran Müvəkkil bu sahədə çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verərək, təsisatda uşaq hüquqlarının təmini və təşviqi sahəsində görülən işlər və təsisatda uşaqlarla bağlı 916 nömrəli “Qaynar Xətt” xidmətinin fəaliyyət göstərdiyi, həmçinin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi haqqında məlumat diqqətə çatdırılmışdır. Habelə qeyd olunmuşdur ki, Azərbaycan Ombudsmanı Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin üzvüdür.

Müvəkkil təsisatda hazırlanmış çoxsaylı hüquqi nəşrlər barədə qonaqlara ətraflı məlumat vermiş, bu vəsaitlər əsasında insan hüquqları sahəsində silsilə maarifləndirmə işinin həyata keçirildiyini söyləmişdir.

Qonaqlar Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini, faydalı təkliflərini yüksək dəyərləndirmiş, səmimi qəbul, maraqlı fikir mübadiləsinə görə Müvəkkilə təşəkkürünü bildirmiş və gələcəkdə bu istiqamətdə daha sıx əməkdaşlığa hazır olduqlarını bildirmişlər.

Söhbət əsnasında həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xəzər dənizinin hüquqi statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulmuşdur.