Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

ENOC-un tədbirində Ombudsman Aparatının əməkdaşı iştirak edib

13-07-2018 170 dəfə oxunub
ENOC-un tədbirində Ombudsman Aparatının əməkdaşı iştirak edib

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Protokol sektorunun müdiri Gülnar Rəhimova İspaniyanın Barselona şəhərində Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) təşkil etdiyi beynəlxalq Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin (ENYA) forumunda Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üç üzvü ilə iştirak edib.

Forumun məqsədi ENOC-a üzv seçilmiş yalnız 10 təsisatın, o cümlədən Azərbaycan Ombudsman təsisatının iştirak etdiyi “Danışın, gənclər, uşaqların mental sağlamlığı barədə danışın!” adlı layihənin icrası ilə bağlı görülən işlərin təqdimatı, təcrübə mübadiləsi və uşaqların mövzu üzrə təkliflərinin onların iştirakı ilə müzakirəsindən ibarət olub. 

Həyata keçirilən layihənin isə əsas məqsədi layihə çərçivəsində 11-18 yaşlı uşaqlar arasından bir qrup toplamaqla onları bu sahədə maarifləndirmək, uşaq və gənclərin diqqətini uşaqların mental sağlamlığı məsələsinə cəlb etmək, bu məsələyə dair səslərini və fikirlərini müasir media vasitələri ilə yayımlamaq, habelə maarifləndirmə xarakterli fəaliyyətə dəstək verməkdir.

Layihədə iştirak edən üzv təsisatlar, o cümlədən Azərbaycan Ombudsman təsisatının layihə koordinatorları və hər iştirakçı ölkədə layihəni həyata keçirən uşaq qruplarından nümayəndələr forumda iştirak ediblər. AUGSŞ-nin üzvləri olan 257 saylı tam orta məktəbin şagirdi Ayxan İsmayılov, 191 saylı tam orta məktəbin şagirdi Nərgiz Əlili və Bakı Slavyan Universitetinin Məktəb-lisey kompleksinin şagirdi Urfan Rəhimzadə forumda ölkəmizi təmsil ediblər. 

Ombudsman Aparatının əməkdaşı G.Rəhimova beynəlxalq görüşdə layihənin həyata keçirilməsi ilə bağlı müzakirələrdə iştirak edərək, Müvəkkil Elmira Süleymanovanın uşaq hüquqlarının müdafiəsi və təmini sahəsində həyata keçirdiyi tədbirlər iştirakçıların diqqətinə çatdırıb.

AUGSŞ üzvləri tədbirdə təqdimatla çıxış edərək şəbəkənin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verib, layihə çərçivəsində böyük hazırlıq işlərinin görüldüyü, AUGSŞ-nin üzvləri arasından yaradılmış 11-18 yaşlı uşaqlardan ibarət qrupla cari ilin mart-iyun ayları ərzində çoxsaylı görüşlər keçirildiyi, mövzu üzrə müxtəlif müzakirələr, qrup işləri aparıldığı, layihə çərçivəsində mental sağlamlığa dair ölkədə həyata keçirilən fəaliyyət, Ombudsmanla birgə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində, habelə Bakı Autizm İdman və Yaşam Klubunda, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində uşaqlarla, müəllimlərlə, psixoloqlarla keçirdikləri görüşlər, həmin müəssisələrdə yaradılan reabilitasiya və bərpa şəraiti, habelə Azərbaycan uşaqlarının sağlamlıq hüququna, o cümlədən mental sağlamlığına dair fikir və təklifləri barədə ətraflı məlumat veriblər. 

Layihə iştirakçılarının Ombudsman Elmira Süleymanova ilə görüşərək, Müvəkkil tərəfindən uşaq hüquqları, xüsusilə uşaqların müdafiəsində Ombudsmanın rolu barəsində verilmiş məlumatlardan bəhrələndikləri, bununla yanaşı, uşaqların təhsil aldıqları ümumtəhsil məktəblərdə həmyaşıdları arasında mövzu üzrə sorğular, habelə uşaqların daha çox iştirakçılığını təmin etmək məqsədilə AUGSŞ-nin Liderlik Məktəbinin digər üzvləri üçün layihənin təqdimatının keçirildiyi, orada səsləndirilən təkliflərin də nəzərə alındığı iştirakçıların diqqətinə çatdırılıb.

Forumda hər iştirakçı ölkə tərəfindən layihənin yekunu ilə bağlı “Danışın, gənclər, uşaqların mental sağlamlığı barədə danışın!” adlı film üzrə qısa fraqmentlər göstərilib, layihə çərçivəsində aparılan işlər, cari vəziyyəti üzrə hesabatlar dinlənilib. İştirakçı ölkələri təmsil edən uşaqlar interaktiv müzakirələr aparıb, proqramda nəzərdə tutulmuş yaradıcı musiqili təqdimatda iştirak ediblər.