Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

14-06-2018 181 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın fəaliyyətində penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi mühüm yer tutur. Bu məqsədlə Ombudsman və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən həmin müəssisələrə müntəzəm olaraq başçəkmələr, saxlanılan şəxslərlə görüşlər keçirilir və qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülür.

Müvəkkilin tapşırığına əsasən, MPQ üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına keçirilib. 

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil edilmiş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanma şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım, müraciətlərinin qəbulu və digər hüquqların təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb.

Saxlanma şəraitinin, müraciətlərin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunub, ərizə və müraciətlərinə baxılıb, hüquqlarının təmin olunması vəziyyəti, qaldırdıqları məsələlər yerində araşdırılıb, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub və bir sıra müraciətlər yerində təmin edilib.

Qeyd olunanlarla yanaşı, bu müəssisə üzrə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyəti də yerində yoxlanılıb, saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb və müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaqdır.