Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Erkən evlilik probleminə həsr olunmuş maarifləndirmə tədbirində Ombudsman Aparatının əməkdaşı çıxış edib

06-06-2018 158 dəfə oxunub
Erkən evlilik probleminə həsr olunmuş maarifləndirmə tədbirində Ombudsman Aparatının əməkdaşı çıxış edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müasir İnkişaf İctimai Birliyi tərəfindən icra olunan “Erkən evlilik probleminin sosioloji tədqiqi və onun həlli istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində Bakı şəhəri Texniki-Humatinar Liseydə konfrans keçirilib.

Aidiyyəti dövlət qurumlarının, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin, lisey rəhbərliyinin, müəllim və şagirdlərin qatıldığı həmin tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil Aparatının sektor müdiri Müqalib Mahmudov iştirak edib.

Konfransı təşkil edən ictimai birliyin sədri Mübariz Göyüşlü giriş nitqində tədbirin məqsəd və məramı, erkən evliliyin tarixi, yaranma səbəbləri, dünyada və Azərbaycanda bu sahədə mövcud vəziyyət barədə məlumat verib.

Ombudsman Aparatının əməkdaşı çıxış edərək konfrans iştirakçılarını Müvəkkil Elmira Süleymanovanın adından salamlayıb, qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü və 18 iyun - İnsan Hüquqları Günü münasibətilə təbriklərini, xoş arzularını çatdırıb.

Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları Aylığı çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında təşkil olunan silsilə tədbirlər zamanı insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan uşaq hüquqlarının müdafiəsi və təşviqi, eləcə də erkən evlilik problemi mövzularında müzakirələrin aparıldığı, Bakıda və regionlarda şagirdlərin iştirakı ilə uşaq hüquqları üzrə pilləli tədris proqramının uğurla həyata keçirildiyi barədə məlumat verilib.

Daha sonra “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”na uyğun olaraq ölkəmizdə zorakılıq, təhsildən yayınma və erkən evlilik halları üzrə monitorinq sisteminin yaradılması, gənclər arasında ailə dəyərləri haqqında və erkən evliliyə qarşı profilaktik maarifləndirmə işinin aparılması, habelə insan alverinə şərait yaradan sosial səbəblərdən biri kimi, erkən evlilik hallarının azaldılması üzrə zəruri tədbirlərin görüldüyü bildirilib. 

Müvəkkilin tapşırığına əsasən Aparatın və regional mərkəzlərin əməkdaşlarının, yerli icra strukturlarının, məhkəmə, prokurorluq və polis orqanlarının, bələdiyyələrin, yerli icmaların, habelə qeyri-hökumət təşkilatlarının, o cümlədən vaxtilə Elmira Süleymanovanın yaratdığı Azərbaycan Qadın və İnkişaf Mərkəzinin iştirakı ilə respublikamızın müxtəlif rayonlarında, ucqar kəndlərində qadınların hüquqi maarifləndirilməsinə, o cümlədən erkən evliliyin qarşısının alınmasına, reproduktiv sağlamlıq, ailə planlaşması məsələlərinə yönəlmiş tədbirlərin təşkil olunduğu bildirilib. 

Qeyd olunub ki, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən, hər il yüzdən artıq uşaq və gəncin bitirdiyi Liderlik Məktəbində erkən evliliyə, zərərli vərdişlərə və stereotiplərə qarşı mübarizəyə həsr olunmuş mövzularda maarifləndirmə tədbirləri keçirilir. 

İştirakçılar belə bir aktual mövzuya diqqət yetirdiyinə görə Müvəkkilə təşəkkürlərini bildiriblər.