Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirib

01-06-2018 177 dəfə oxunub
Ombudsman 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlər keçirib.

Təşkil olunmuş tədbirlər, İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsman Bakı şəhəri, Suraxanı rayonu 118 saylı məktəbin bir qrup şagirdini və müəllimlərini onların xahişi ilə qəbul edib, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qonaqları təbrik edib və xoş arzularını bildirib. O, 100 il əvvəl, 28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu və Milli Şura tərəfindən “İstiqlal Bəyannaməsi”nin qəbul edildiyi, Azərbaycan Xalq Cümhuriyyəti barədə məktəblilərə ətraflı məlumat verib.

Bu il anadan olmasının 95-ci və hakimiyyətə qayıtmasının 25-ci ildönümlərini qeyd etdiyimiz Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”, bu ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamlar imzalandığı, yubiley medalının təsis edildiyi, habelə bu il çərçivəsində Ombudsmanın Aparatı və regional mərkəzlərinin, habelə ahıllar, qadınlar, gənclər və uşaqlar üçün resurs mərkəzlərinin “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə paytaxtda və regionlarda silsilə tədbirlərin həyata keçirdikləri diqqətə çatdırılıb.

Dövlətimiz tərəfindən insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmin olunmasına böyük diqqət yetirildiyi, bu sahədə qanunların, dövlət proqramlarının qəbul edildiyi vurğulanıb. 

Müvəkkil əhalinin bütün qruplarının, o cümlədən uşaqların, qadınların, ahılların, qaçqın və məcburi köçkünlərin, əlilliyi olan şəxslərin, məhkumların, hərbi qulluqçuların hüquqlarının həyata keçirilməsi və müdafiəsi istiqamətində çoxşaxəli fəaliyyəti, bu sahədə Parlament, dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT və KİV-lərlə sıx əməkdaşlıq etdiyi, habelə uşaq hüquqları üzrə 916 Qaynar xətt xidməti haqqında ətraflı məlumat verib.

Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramının Bakının 12, respublikanın 32 şəhər və rayonu üzrə 170-dən artıq məktəbdə uğurla həyata keçirildiyi, bu layihədə 10 mindən artıq şagirdin, 800-dən artıq müəllim və direktorun iştirak etdiyi nəzərə çatdırılıb.

Sonra uşaqların sualları ətraflı cavablandırılıb. Məktəbin müəllimi Mətanət Qarayeva görüşə görə Ombudsmana minnətdarlığını bildirib, görüşdəki təəssüratlarını kollektivi, müəllim yoldaşları ilə bölüşəcəyini söyləyib.

Hər bir məktəbliyə Uşaq Hüquqları Konvensiyası, Ombudsman haqqında Konstitusiya Qanunu, məktəbin kitabxanasına isə təsisatda hazırlanmış hüquqi nəşrlər hədiyyə edilib.

Bayram günü ərəfəsində və İnsan Hüquqları Aylığı çərçivəsində Bakı şəhəri 49, 166, 249, 272 saylı, habelə Abşeron rayon Saray qəsəbəsindəki 3 saylı tam orta məktəbdə tədbirlər keçirilib, Müvəkkilin adından məktəblilər təbrik edilib, onlara təhsillərində uğurlar arzulanıb. Həmin tədbirlərdə uşaqların hüquq və vəzifələri haqqında məlumat verilib, Uşaq hüquqları üzrə Pilləli Tədris layihəsi həyata keçirilən məktəblərdə şagirdlərə sertifikatlar, direktor və müəllimlərə təşəkkürnamələr təqdim edilib.

Ombudsman bayramlarda və əlamətdar günlərdə bir ənənə olaraq, əhalinin həssas qruplarına, o cümlədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində saxlanılan yetkinlik yaşına çatmayan şəxslərə baş çəkir, onların hüquqlarının təmin olunması vəziyyətini araşdırır, çətinliklərini, problemlərini öyrənir və həllində yardımçı olur. 

Bu baxımdan Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Müvəkkil öz missiyasına uyğun olaraq, Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində olub, burada saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirib. Tədbirdə Ombudsmanın Milli Preventiv Qrupunun və Ahılların Resurs Mərkəzinin üzvləri iştirak ediblər.

E.Süleymanova əlamətdar gün münasibətilə yetkinlik yaşına çatmayan şəxsləri və onlarla işləyən hər kəsi təbrik edib, xoş arzularını bildirib. O, Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarına, o cümlədən uşaqların, məhkumların hüquqlarına böyük diqqət yetirildiyini vurğulayıb. Respublikamızda həyata keçirilən hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə əldə olunmuş nailiyyətlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Eyni zamanda Ombudsman dövlətimizin humanist siyasəti nəticəsində 64 Əfv sərəncamının imzalandığını, o cümlədən bu günlərdə növbəti əfv sərəncamının icra olunduğunu və 11 amnistiya aktının qəbul edildiyinin azadlığa qovuşanların və onların ailə üzvlərinin, bütün xalqımızın böyük sevinci və minnətdarlığı ilə qarşılandığını söyləyib. Fəaliyyət göstərdiyi müddət ərzində Müvəkkilin vəsatətləri üzrə ümumilikdə 638 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayan məhkumların da əfv edilərək azadlığa buraxıldığı bildirilib.

Ombudsman ölkə Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsindən və cəza siyasətinin humanistləşdirilməsindən geniş söz açıb.

E.Süleymanova bu müəssisədə saxlanılan şəxslərə islah olunmalarını, qanun pozuntularına bir daha yol verməməyi, müəssisənin daxili intizam qaydalarına riayət etməyi, ailələrinə, sağlam həyat tərzinə qayıtmağı, təhsil almağı və peşələrə yiyələnməyi, faydalı əməklə məşğul olmağı, vətənə layiq, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşmağı tövsiyə edib. 

Müəssisə rəhbərliyi və uşaqlar göstərdiyi qayğı və diqqətə, hüquqlarının təmin olunmasını nəzarətdə saxladığına görə Müvəkkilə minnətdarlıqlarını bildiriblər. Onlara Ombudsmanın bayram sovqatları təqdim edilib. 

E,Süleymanova tərbiyə müəssisəsindəki görüşündən sonra qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində uşaqlı analara da baş çəkib, vəziyyətləri ilə maraqlanıb, bayram sovqatlarını təqdim edib.