Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçirmişlər

04-05-2018 230 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçirmişlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərindəki və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Qaradağ rayonundakı “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçirmişlər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olmuşdur.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilmiş, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilmişdir. 

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparmış, çoxsaylı suallar cavablandırılmışdır. Onlar respublikamızda  hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulamışlar.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilmişdir. 

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanmışdır.