Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Avropa Azərbaycan Məktəbində uşaq hüquqları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

04-05-2018 171 dəfə oxunub
Avropa Azərbaycan Məktəbində uşaq hüquqları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Avropa Azərbaycan Məktəbinin 4-cü sinif şagirdləri üçün uşaq hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib.

Bu tədbirdə Ombudsman Aparatının əməkdaşları Lamiyə Zeynalova, Dilşad İsmayılova və Murad Babayev, həmçinin məktəbin pedaqoji kollektivi iştirak edib. 

Şagirdlərə uşaq hüquqları ilə bağlı maraqlı prezentasiya təqdim olunub. 

Müvəkkilin nümayəndələri insan hüquqları və onun tərkib hissəsi kimi uşaq hüquqlarının mahiyyəti, bu sahədə beynəlxalq və milli qanunvericilik aktları barədə ətraflı məlumat veriblər. BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş maddələr əsasında sərbəst fikir mübadiləsi aparıblar. 

Ombudsmanın digər hüquqlarla yanaşı uşaq hüquqlarının, o cümlədən qaçqın və məcburi köçkün, əlilliyi olan və kimsəsiz uşaqların hüquqlarının təmini və müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələri, eyni zamanda təsisatda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlər və 24 saat ərzində fəaliyyət göstərən uşaq hüquqları üzrə 916 nömrəli qaynar xətt xidməti barədə də məlumat verilib. Eyni zamanda Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, 2009-2010-cu tədris ilindən Ombudsmanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Bakı və regionlardakı orta ümumtəhsil məktəblərində uğurla həyata keçirilən uşaq hüquqları üzrə pilləli tədris proqramı barədə şagirdlərə və müəllimlərə ətraflı məlumat verilib.

Tədbir maraqlı və interaktiv müzakirə şəklində davam etdirilib, şagirdlərin çoxsaylı sualları ətraflı cavablandırılıb.

Tədbirdə Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici nəşrlərdən də istifadə olunub və sonda həmin nəşrlər, o cümlədən “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça məktəbə təqdim edilib.