Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Gürcüstanda Biznes və insan hüquqları mövzusunda təşkil olunmuş təlimdə iştirak ediblər

31-03-2018 256 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Gürcüstanda Biznes və insan hüquqları mövzusunda təşkil olunmuş təlimdə iştirak ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov və Beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Elmin Cəfərov Gürcüstanın Tbilisi şəhərində Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin, Danimarka və Gürcüstanın İnsan hüquqları təsisatlarının təşkilatçılığı ilə “Biznes və insan hüquqları” mövzusunda keçirilmiş təcrübə mübadiləsində iştirak ediblər. 

Tədbirə Gürcüstan Ombudsmanının birinci müavini Tamar Qvaramadze, Avropa Birliyinin Gürcüstan nümayəndəliyinin, Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinın, Almaniya, Şimali İrlandiya, Şotlandiya, Serbiya, Slovakiya və Ukraynanın milli İnsan hüquqları təsisatlarının nümayəndələri qatılıblar.

Danimarka İnsan Hüquqları İnstitutunun ekspertləri BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri, habelə digər çoxsaylı beynəlxalq sənədlər və müxtəlif ölkələrin təcrübəsi barədə ətraflı məlumat verib, bu sahədə milli fəaliyyət proqramının qəbul olunmasının  əhəmiyyətini qeyd ediblər.

Tədbirdə Rəhbər Prinsiplərin məzmununu təşkil edən dövlətin biznes və insan hüquqları sahəsində öhdəliyi, biznes qurumlarının insan hüquqlarına hörmət etməsi, o cümlədən korporativ sosial məsuliyyət məsələləri və hüquq müdafiə vasitələrinə çatım barədə təqdimatlar dinlənilib, mövzular üzrə geniş fikir mübadiləsi aparılıb. 

Azərbaycan Ombudsman Aparatının əməkdaşları müzakirə olunmuş məsələlərə münasibət bildirərək, Biznes və İnsan Hüquqları sahəsində Milli İnsan Hüquqları Təsisatlarının fəaliyyət prinsiplərini özündə əks etdirən Edinburg Bəyannaməsinin və bu sənəd əsasında qəbul edilmiş Berlin Fəaliyyət Planının tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış, aidiyyəti dövlər orqanlarının və QHT nümayəndələrinin təmsil olunduğu Ombudsman yanında Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupun geniş fəaliyyəti barədə məlumat veriblər.  

Qeyd edilib ki, ölkə Ombudsmanı tərəfindən aidiyyəti qurumlara BMT-nin Biznes və İnsan hüquqları üzrə Rəhbər Prinsiplərin, Qlobal Sazişin  və digər aidiyyəti beynəlxalq sənədlərin implementasiyası, ölkədə korporativ sosial məsuliyyətin inkişaf etdirilməsi, biznes və insan hüquqları sahəsində milli fəaliyyət proqramının qəbul olunması, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilmiş, geniş maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

Biznes və insan hüquqları sahəsində Azərbaycan Ombudsmanının ünvanına daxil olmuş şikayətlərə baxılması, yerində araşdırmaların təşkili, bu sahədə aidiyyəti qurumlarla əməkdaşlıq təcrübəsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb və qeyd olunanlar böyük maraqla qarşılanıb.

Aparatın əməkdaşları treninqin proqramına uyğun olaraq mövzular üzrə müzakirələrdə fəal iştirak edib, qaldırılan məsələlər, ölkə təcrübəsi və təsisatda bu istiqamətdə görülən digər işlər barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.