Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın iştirakı ilə Şəkidə seçkilərlə əlaqədar növbəti zona seminar-müşavirəsi keçirilib

31-03-2018 10320 dəfə oxunub
Ombudsmanın iştirakı ilə Şəkidə seçkilərlə əlaqədar növbəti zona seminar-müşavirəsi keçirilib

Məlum olduğu kimi, qarşıdakı Prezident seçkiləri ilə əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası (MSK), Daxili İşlər Nazirliyi və Ombudsmanın iştirakı ilə silsilə zona seminar-müşavirələri keçirilir. Bundan əvvəl belə tədbirlər Gəncə və Şirvan şəhərlərində təşkil olunub.

Növbəti seminar-müşavirə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın, MSK-nın üzvü Qabil Orucovun, MSK Katibliyinin əməkdaşı Rafiq Abbasovun, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Hamlet Hümbətəliyevin, Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayevin, çoxsaylı dairə seçki komissiyaları sədrlərinin və 11 rayonun polis şöbələrinin məsul əməkdaşlarının iştirakı ilə Şəki şəhərində keçirilib. Tədbirə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ölkəmizdə seçki prosesini izləyən uzunmüddətli müşahidə missiyasının üzvləri, Norveç Krallığından olan Odvin Förbür və Fransadan Sabin Oheyon, habelə İsrail-Azərbaycan Hüquq Mərkəzinin YYSİB Azərbaycan-İsrail Geopolitik Mərkəzinin nümayəndələri İsmayıl Zalov və İlham Kərimov, KİV-lərin təmsilçiləri qatılıblar.

Açılış sözü və məruzə ilə çıxış edən Müvəkkil zona seminar-müşavirəsinin məqsəd və məramını diqqətə çatdırıb, qarşıdakı Prezident seçkilərinin xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

O, eyni zamanda 31 mart tarixinin respublikamızda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunduğunu, 100 il əvvəl - 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin, daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamlar barədə məlumat verib.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin günahsız qurbanlarının, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda törədilən qırğınlar kütləvi şəkil almış, erməni dəstələri 30 mindən çox dinc sakini amansızcasına qətlə yetirmişlər. Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla soydaşlarımıza qarşı soyqırımı və talanlar həyata keçirilmişdir. Aradan uzun illər keçsə də, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub. 

Ombudsman 1918-ci il Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar Bəyanatının çoxsaylı nüfuzlu beynəlxalq qurumlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyini bildirib.

Habelə diqqətə çatdırılıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi də qeyd edilir, ölkə Prezidentinin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi hadisədir. Xalq Cümhuriyyətində müstəqil dövlətin əsas fəaliyyət prinsipləri, insan hüquqları prioritet kimi bəyan edilmiş, qadınlara digər hüquqlarla yanaşı, kişilərlə bərabər seçki hüququ da verilmişdir.

Müvəkkil çıxışında müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasının 56-cı maddəsinə əsasən, ölkə vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnun olduğunu söyləyib, seçki hüquqları barədə ətraflı məlumat verib. O, söyləyib ki, beynəlxalq standartlara və Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq, ölkəmizdə seçki hüquqları sahəsində qanunvericilik, Seçki Məcəlləsi daha da təkmilləşdirilmiş, bu sənədə zəruri əlavə və dəyişikliklər edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mühüm əhəmiyyət kəsb edən 11 may 2005-ci il tarixli və 25 oktyabr 2005-ci il tarixli müvafiq sərəncamlarının əsas müddəaları Seçki Məcəlləsində nəzərə alınmış, bu sənədlərdə icra hakimiyyəti və polis orqanlarının, hər hansı bir qurumun, vəzifəli şəxsin seçki prosesinə müdaxiləsinin yolverilməzliyi göstərilmişdir. 

Qeyd olunub ki, insan hüquqları, o cümlədən seçki hüquqları sahəsində Ombudsman təsisatı ilə MSK və Daxili İşlər Nazirliyi arasında sıx əməkdaşlıq əlaqələri, birgə maarifləndirmə tədbirləri davam etdirilir. 

Müvəkkil ötən dövrlər ərzində ölkəmizdə seçki hüququnun, seçki proseslərinin və praktikasının təkmilləşməsinə yönəlmiş çoxsaylı tədbirlər haqqında məlumat verib. Seçici siyahılarının təkmilləşdirilməsi və seçki komissiyalarının yerlərdə müvafiq orqanlarla, o cümlədən polislə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) orqanları ilə, hərbi komissarlıqlarla, bələdiyyələrlə müntəzəm əməkdaşlığı, seçki hüquqlarının həyata keçirilməsi üçün mühüm məsələlərdən biri olan vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosedurunun sadələşdirilməsi, müşahidəçilik institutunun təkmilləşməsi, habelə seçkiqabağı təşviqatın aparılması zamanı kütləvi tədbirlərin keçirilməsi üçün açıq və qapalı yerlərin müəyyən olunması və lazımi şəraitlə təmini, silsilə maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərə çatdırılıb.

Həmçinin bu ilin mart ayının əvvəlindən “Seçki - 2018” Müstəqil Media Mərkəzinin fəaliyyətə başlaması da müsbət hal kimi dəyərləndirilib. 

Hazırda seçkiqabağı təşviqatın aparılması mərhələsi zamanı hər bir namizədə bərabər imkanlarla seçicilərə öz platformalarını bildirmək üçün İctimai Televiziyada və İctimai Radioda ödənişsiz efir vaxtının verilməsinin əhəmiyyəti nəzərə çatdırılıb.

Bütün bu toplanmış müsbət təcrübənin əslində seçkilərdə pozuntulara yol verilmədən keçirilməsi üçün real zəmin yaratdığı vurğulanıb.   

Sonra Ombudsman seçki hüquqları baxımından polis əməkdaşlarının xidməti vəzifələrinin təşkili, müvafiq qanunvericiliyə əsasən, polisin üzərinə düşən vəzifələr haqqında iştirakçılara ətraflı məlumat verib.

Seçki hüquqlarının təmin olunması sahəsində müsbət praktika kimi nəzərə çatdırılıb ki, Müvəkkil, Aparatın və regional mərkəzlərinin əməkdaşları ölkəmizdə keçirilmiş seçkiləri müstəqil müşahidəçi qismində paytaxt və rayonlarda izləmiş, bu istiqamətdə kifayət qədər təcrübə toplamışlar. Seçki günü Aparatın əməkdaşları olan hər bir müşahidəçi yerlərdəki məlumatı hər saatdan bir Bakının hər bir rayonunda müşahidə aparan Ombudsmana ötürür və o, səsvermə vəziyyəti barədə müvafiq məlumatı operativ şəkildə MSK-ya və MSK-nın İnformasiya Mərkəzindən KİV vasitəsilə ictimaiyyətə çatdırır. Bildirilib ki, belə müşahidələr qarşıdakı seçkilərdə də aparılacaq. 

Ombudsman ötən illərdə seçki prosesində həyata keçirdiyi fəaliyyəti nəticəsində toplanmış təcrübəni nəzərə alaraq, seçki hüquqlarının daha səmərəli təmin olunması ilə bağlı təklif və tövsiyələrini verib. 

MSK-nın üzvü Qabil Orucov çıxışında seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesinin mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları, habelə praktiki əhəmiyyətli məlumatları diqqətə çatdırıb.

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Hamlet Hümbətəliyev seçki kampaniyası dövründə və səsvermə günü ictimai asayişin təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, eyni zamanda səsvermədən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və MSK-ya gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq qanunvericiliyin tələblərinin yerinə yetirilməsi haqqında məlumat verib.

MSK Katibliyinin əməkdaşı Samir Tağıyev seçki subyektləri, onların hüquq və vəzifələri, bu sahədə təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb.

İnteraktiv şəraitdə, yüksək fəallıqla keçən müzakirələr zamanı bir sıra dairə seçki komissiyalarının sədrləri və rayon polis şöbələrinin məsul əməkdaşları seçkilərə hazırlıq, seçki qanunvericiliyinə əsasən, zəruri tədbirlərin görülməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması vəziyyəti, bu sahədə seçki komissiyaları ilə polis orqanlarının fəal və birgə iştirakları, seçkilərlə bağlı polis əməkdaşları üçün Yaddaş kitabçaları ilə təmin olunduqları və seçki gününə tam hazır olduqları barədə məlumat veriblər. Onlar təcrübələri ilə bölüşərək sualları cavablandırıblar.

Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev bu tədbirin və müzakirələrin, Ombudsmanın təklif və tövsiyələrinin əhəmiyyətini vurğulayıb, ictimai asayişin təmin olunmasının demokratik seçkilərə şərait yaratdığını, belə maarifləndirmənin polis əməkdaşlarının seçkilərlə əlaqədar xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün zəruriliyini söyləyib.

E.Süleymanova seçki qanunvericiliyini dərindən öyrənməyin vacibliyini bir daha qeyd edərək, seçkilər ərəfəsində hazırlıq işlərinin mütəşəkkil davam etdirilməsini tövsiyə edib, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, Konstitusiyamıza, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə, əhalinin yüksək fəallığı və dəstəyi ilə keçirilməsinə şərait yaratdığını bildirib.

Sonra Müvəkkil tədbirdə iştirak edən ATƏT DTİHB-in ölkəmizdə seçki prosesini izləyən uzunmüddətli müşahidə missiyasının adı çəkilən təmsilçiləri, habelə İsrail-Azərbaycan Hüquq Mərkəzinin nümayəndəsi İsmayıl Zalovla görüşüb, bir sıra TV-lərə və KİV-lərə müsahibələr verib.

Qeyd olunmalıdır ki, belə zona seminar-müşavirələr davam etdirilir.

Ombudsman Şəki şəhərinə səfəri çərçivəsində yüksək səviyyədə təmir edilmiş və müasir avadanlıqla, elektrik enerjisi, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş dairə seçki komissiyası və seçki məntəqələrinin binalarına, iclas zalına, kompüter və digər otaqlara baş çəkib, müvafiq seçki komissiya üzvlərinin fəaliyyəti ilə tanış olub, seçici siyahıları, daşınmaz və daşınan seçki qutuları, seçki kabinalarının, seçki hüquqları üzrə əlaqədar nəşrlər, vəsaitlər və plakatların olduğunu öyrənib, adı çəkilən hüquqlarla əlaqədar müzakirələr aparıb və tövsiyələrini verib. Habelə şəhərdə seçkiqabağı təşviqatın aparılması zamanı kütləvi tədbirlərin keçirilməsi üçün ayrılmış, Şəki Dram Teatrının zalında olan qapalı və stadionda açıq yerlərə baxış keçirilib, ümumilikdə şəhərdə seçkiyə hazırlıq vəziyyətinin yüksək səviyyədə təşkil olunduğu müşahidə edilib.

E.Süleymanova səfər çərçivəsində Ombudsmanın Şəki Regional mərkəzində olub, mərkəzin əməkdaşlarına vətəndaşlardan qəbul edilmiş ərizə və şikayətləri dərhal Müvəkkilə göndərilməsini, insanların müraciətlərinə həssas və peşəkarlıqla yanaşmalarını, həmçinin insan hüquqları, o cümlədən seçki hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin bu regionda davam etdirilməsini tapşırıb.