Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçirmişlər

30-03-2018 9982 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçirmişlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Bakı şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçirmişlər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olmuşdur.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilmiş, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, habelə komandirlərin şəxsi heyətə münasibəti, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilmişdir.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların  hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsində qeyd olunmuş seçki hüququ və Azərbaycan Respublikasının Seçki Məcəlləsində hərbi qulluqçularla bağlı əks olunmuş maddələr əsasında söhbətlər aparmış, çoxsaylı sualları cavablandırmışlar. Onlar respublikamızda  hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulamışlar. 

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilmişdir.

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanmışdır.