Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman seçkilərlə əlaqədar Gəncə şəhərində keçirilən zona seminar-müşavirədə iştirak edib

27-03-2018 10311 dəfə oxunub
Ombudsman seçkilərlə əlaqədar Gəncə şəhərində keçirilən zona seminar-müşavirədə iştirak edib

2018-ci il aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası (MSK), Daxili İşlər Nazirliyi və Ombudsmanın iştirakı ilə  silsilə şəklində keçiriləcək zona seminar-müşavirələrinə Gəncə şəhərində start verilib.

İlk belə seminar-müşavirədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, MSK-nın üzvü Tofiq Həsənov, MSK Katibliyinin əməkdaşı Faiq Bəşirov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Faiq Şabanov, Daxili İşlər Nazirlyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Hamlet Hümbətəliyev, dairə seçki komissiyalarının sədrləri, 16 rayonun 24 qurumunun, o cümlədən Gəncə şəhər və rayonlarının polis idarə və şöbələrinin məsul əməkdaşları iştirak ediblər. Habelə tədbirə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) ölkəmizdə seçki prosesini izləyən uzunmüddətli müşahidə missiyasının təmsilçiləri, Niderland Krallığından olan Katarina Apel və Moldova Respublikasından Valentin Vizant qatılıblar.  

Ombudsman açılış sözü və məruzə ilə çıxış edərək, 11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti seçkilərinin xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, eyni zamanda bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi də qeyd edilir, ölkə Prezidentinin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi hadisədir. Xalq Cümhuriyyətində müstəqil dövlətin əsas fəaliyyət prinsipləri, insan hüquqları prioritet kimi bəyan edilmiş, qadınlara mülki, siyasi və digər hüquqlar, o cümlədən kişilərlə bərabər seçki hüququ verilmişdir.

Müvəkkil müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə ilk qəbul olunmuş Konstitusiyasının 56-cı maddəsinə əsasən, ölkə vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnun olduğunu söyləyib, seçki hüquqları barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Ombudsman təsisatı insan hüquqları sahəsində çoxşaxəli fəaliyyət göstərir. Bu hüquqlar sırasında seçki hüquqları xüsusi əhəmiyyət kəsb edir. Həmin istiqamətdə MSK ilə sıx və səmərəli əməkdaşlıq əlaqələri qurulmuş, seçki hüququ ilə bağlı birgə maarifləndirmə tədbirləri, treninq-seminarlar keçirilir. İnsan hüquqları sahəsində Daxili İşlər orqanları ilə də əməkdaşlıq uğurla davam etdirilir.

Müvəkkil çıxışında bildirib ki, Venesiya Komissiyasının tövsiyələrinə və beynəlxalq standartlara uyğun olaraq, respublikamızda seçki hüquqları sahəsində qanunvericilik, Seçki Məcəlləsi daha da təkmilləşdirilmiş, bu sənədə zəruri əlavə və dəyişikliklər edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mühüm əhəmiyyət kəsb edən 11 may 2005-ci il tarixli və 25 oktyabr 2005-ci il tarixli müvafiq sərəncamlarının əsas müddəaları Seçki Məcəlləsində nəzərə alınmışdır. Bu sənədlərdə icra hakimiyyəti və polis orqanlarının, hər hansı bir qurumun, o cümlədən MSK-nın və ya vəzifəli şəxsin seçki prosesinə müdaxiləsinin yolverilməzliyi göstərilmişdir. 

Diqqətə çatdırılıb ki, ötən dövrlər ərzində ölkəmizdə seçki hüququnun və seçki proseslərinin təkmilləşməsinə yönəlmiş tədbirlər, o cümlədən Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklər, seçki hüquqlarının həyata keçirilməsi üçün mühüm məsələlərdən biri olan vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosedurunun sadələşdirilməsi, seçici siyahılarının təkmilləşdirilməsi və Dairə Seçki Komissiyalarının yerlərdə müvafiq orqanlarla, o cümlədən polislə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) orqanları ilə, hərbi komissarlıqlarla, bələdiyyələrlə müntəzəm əməkdaşlığı, əlilliyi olan şəxslərin özlərinin vasitəçiliksiz, sərbəst seçim etməklə səs verməsi üçün zəruri şəraitin yaradılması, pandusların quraşdırılması, Brayl əlifbası ilə çap olunmuş seçki vərəqələri, habelə sərbəst toplaşmaq üçün açıq və qapalı yerlərin müəyyən olunması və lazımi iş şəraiti, zəruri avadanlıqla təmin olunması, müşahidəçilik institutunun təkmilləşməsi, bu qəbildən olan silsilə maarifləndirmə tədbirlərinin ildən-ilə müntəzəm şəkildə davam etdirilməsi həyata keçirilmişdir. Bütün bu toplanmış müsbət təcrübənin əslində üzümüzə gələn seçkilərdə pozuntulara yol verilməməsi üçün real zəmin yaratdığı vurğulanıb.   

Bildirilib ki, Ombudsman, Aparatın və regional mərkəzlərinin əməkdaşları ölkəmizdə keçirilmiş seçkiləri müstəqil müşahidəçi qismində izləmiş, bu istiqamətdə kifayət qədər təcrübə toplamışlar. Seçki günü Aparatın əməkdaşları olan hər bir müşahidəçi yerlərdə aldığı məlumatı hər saatdan bir Bakının hər bir rayonunda müşahidə aparan Ombudsmana ötürür və Müvəkkil səsvermə vəziyyəti barədə müvafiq məlumatı operativ tərzdə MSK-ya və MSK-nın İnformasiya Mərkəzindən KİV vasitəsilə ictimaiyyətə çatdırır. Belə müşahidələr qarşıdakı seçkilərdə də aparılacaq.

Hazırda seçkiqabağı təşviqatın aparılması mərhələsi zamanı hər bir namizədə bərabər imkanlarla seçicilərə öz platformalarını bildirmək üçün İctimai Televiziyada və İctimai Radioda ödənişsiz efir vaxtının verilməsinin əhəmiyyəti nəzərə çatdırılıb.

Ombudsman ötən illərdə seçki prosesində həyata keçirdiyi fəaliyyəti nəticəsində qazanılmış təcrübəni nəzərə alaraq seçki hüquqlarının daha səmərəli təmin olunması ilə bağlı təklif və tövsiyələrini verib. Seçkilərdə əhalinin fəallığının təmin olunması, polis orqanları, VVAQ, hərbi komissarlıq, icmalar və bələdiyyələrlə birlikdə seçici siyahılarının müntəzəm olaraq təkmilləşdirilməsi, əlavə siyahıların tutulmasına xüsusi diqqət yetirilməsi, paytaxt və regionlarda seçki hüquqları ilə bağlı birgə maarifləndirmə işinin daha da genişləndirilməsi, vətəndaşların seçki hüququ ilə bağlı təlimatların və yaddaş kitabçalarının seçkiqabağı təbliğat və təşviqatın aparılmasında əhəmiyyət kəsb etdiyi, hüquqi nəşrlərin daha geniş yayılması, şəhər və rayonlarda bələdiyyələri və icmaları cəlb etməklə əhali ilə bu istiqamətdə müntəzəm işin aparılması, dairə və məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, hər bir kəsin, o cümlədən əlilliyi olan şəxslərin fərdi şəkildə müstəqil səs verməsi və iradəsinin ifadə etməsi, vətəndaşlara öz seçimini etmək üçün şəraitin yaradılması, habelə sərbəst və maneəsiz toplaşmaq üçün ayrılmış açıq və qapalı yerlərdə lazımi şəraitin yaradılması, maarifləndirmə məqsədilə daha çox kliplərin və videoroliklərin çəkilməsi və digər təkliflər bu qəbildəndir. 

MSK-nın üzvü Tofiq Həsənov seçki hüquqlarının təmini sahəsində səmərəli fəaliyyətinə və təmsil etdiyi qurumla əməkdaşlığına, habelə bu tədbirdə iştirakına və təkliflərinə görə Ombudsmana minnətdarlığını bildirib. O, seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, habelə seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları barədə çıxış edib.

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Hamlet Hümbətəliyev seçki kampaniyası dövründə və səsvermə günü ictimai asayişin təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, eyni zamanda səsvermədən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və MSK-ya gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi haqqında məlumat verib.

MSK Katibliyinin əməkdaşı Faiq Bəşirov seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi haqqında danışıb.

Müzakirələr zamanı Gəncə Şəhər Baş Polis İdarəsinin və bir sıra rayonların polis şöbələrinin məsul əməkdaşları seçkilərə hazırlıq, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması vəziyyətinin xeyli təkmilləşdirildiyi, bu sahədə fəallıqla apardıqları işlər, seçkilərlə bağlı polis əməkdaşları üçün Yaddaş kitabçaları ilə təmin olunduqları və seçki gününə tam hazır olduqları barədə məlumat verib, təcrübələri ilə bölüşüblər, onlara ünvanlanan sualları cavablandırıblar.

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov bu tədbirin əhəmiyyətini,  polis əməkdaşlarının seçkilərlə əlaqədar xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün faydalı olacağını söyləyib. 

Ombudsman yekunda seçkilər ərəfəsində hazırlıq işlərinin davam etdirilməsini tövsiyə edib, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, Konstitusiyamıza, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə, əhalinin yüksək fəallığı və dəstəyi ilə keçirilməsinə əmin olduğunu ifadə edib.

Müvəkkil tədbir çərçivəsində ATƏT DTİHB-in ölkəmizdə seçki prosesini izləyən uzunmüddətli müşahidə missiyasının təmsilçiləri Katarina Apell və Valentin Vizantla mövzu ilə bağlı fikir mübadiləsi aparıb. Onlar zona seminar-müşavirənin, Ombudsmanın təkliflərinin və fəal müzakirələrin səmərəli olduğunu diqqətə çatdırıblar.

Sonra E.Süleymanova bir sıra TV-lərə və KİV-lərə müsahibələr verib.

Qeyd olunmalıdır ki, belə zona seminar-müşavirələr davam etdirilir.

Ombudsman Gəncəyə səfəri çərçivəsində bu şəhərdə yüksək səviyyədə təmir edilmiş və müasir avadanlıqla, informasiya-kommunikasiya texnologiyaları, elektriklə təmin olunmuş dairə seçki komissiyalarının və seçki məntəqələrinin binalarında, o cümlədən komissiya üzvlərinin otaqlarında, kompüter otağında, həmçinin iclas zalında və digər yerlərdə olub, müvafiq komissiyanın fəaliyyəti, seçici siyahıları, seçki qutuları və seçki kabinalarının, seçki hüquqları üzrə əlaqədar nəşrlər və plakatların olduğunu öyrənib, adı çəkilən hüquqlarla əlaqədar müzakirələr aparıb. Habelə şəhərdə seçki təşviqatı üçün ayrılmış, Heydər Əliyev Parkındakı Zəfər tağının qarşısındakı geniş meydanda açıq və Filarmoniyanın möhtəşəm zalında olan qapalı yerlərə  baxış keçirilib, ümumilikdə seçkiyə hazırlıq vəziyyətinin yüksək səviyyədə təşkil olunduğu müşahidə edilib.

E.Süleymanova səfər çərçivəsində Ombudsmanın Gəncədəki Regional mərkəzində olub, mərkəzin əməkdaşlarına vətəndaşlardan qəbul edilmiş ərizə və şikayətləri dərhal Müvəkkilə göndərilməsini, insanların müraciətlərinə həssas və peşəkarlıqla yanaşmalarını, həmçinin insan hüquqları, o cümlədən seçki hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin bu regionda davam etdirilməsini tapşırıb. O, burada daxil olmuş ərizələri müvafiq tədbirlərin görülməsi üçün icraata almışdır.