Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Novruz bayramı münasibətilə Ombudsman birgə tədbirlər təşkil edib

19-03-2018 10297 dəfə oxunub
Novruz bayramı münasibətilə Ombudsman birgə tədbirlər təşkil edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bayramlarda və əlamətdar günlərdə bir ənənə olaraq, əhalinin həssas qruplarının, o cümlədən uşaq və ahılların hüquqlarının təmin olunması vəziyyətini araşdırır, bu qəbildən olan insanların çətinliklərini, problemlərini öyrənir və həllində yardımçı olur. 

Müvəkkil xeyirxah missiyasına uyğun olaraq, Novruz bayramı günləri ərəfəsində xeyriyyə tədbirləri təşkil edib. Bu tədbirlər Bakı Slavyan Universitetinin (BSU) Məktəb-lisey kompleksi ilə birgə Ombudsmanın Ahılların Resurs Mərkəzində və Azərbaycan Uşaq İctimai Birliyinin nəzdindəki Uşaq sığınacağı və reinteqrasiya mərkəzində keçirilib. 

Tədbirlərdə Ombudsman Aparatının şöbə müdirinin müavini, Milli Preventiv Qrupunun üzvü Vəfa Verdiyeva və Aparatın Protokol sektorunun müdiri Gülnar Rəhimova, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, BSU Məktəb-lisey kompleksinin çoxsaylı müəllim və şagird heyəti, valideynlər iştirak ediblər.

Aparatın əməkdaşları qarşıdan gələn Novruz bayramı münasibətilə Müvəkkilin təbriklərini və xoş arzularını iştirakçılara çatdırıblar. Eyni zamanda qeyd olunmalıdır ki, Ombudsman BSU Məktəb-lisey kompleksinin rəhbəri İlahə Carçıyevanın dövlətimizin humanist siyasətinə uyğun olaraq bu xeyriyyə təşəbbüsünə qoşulduqlarına, uşaqları kiçik yaşlardan insanpərvərlik ruhunda tərbiyə xarakteri daşıyan fəaliyyətə cəlb etdiklərinə görə yüksək dəyərləndirir və minnətdarlığını bildirir.

Müvəkkilin nümayəndələri tədbirlərdə təsisatın insan hüquqları, o cümlədən uşaqların, qadınların və ahılların hüquqlarının təmin olunması və müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti, habelə Ombudsmanın resurs mərkəzləri olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi, bu qurumun nəzdindəki Liderlik məktəbinin, Ahılların Resurs Mərkəzinin təşkil etdiyi çoxsaylı maarifləndirmə tədbirləri barədə ətraflı məlumat veriblər. 

BSU Məktəb-lisey kompleksinin rəhbərliyi və müəllim heyəti çıxış edərək, bu cür xeyriyyə tədbirlərin əhəmiyyətini vurğulayaraq, belə təşəbbüslərə hər zaman qoşulmağa hazır olduqlarını bildiriblər.

Sözü gedən tədbirlərin sonunda Ombudsmanın və BSU Məktəb-lisey kompleksinin təşəbbüsü və birgə dəstəyi ilə ahıllara və həmin sığınacaqda məskunlaşan uşaqlara bayram sovqatı, şirniyyat və hədiyyələr paylanıb. 

Sığınacağın rəhbərliyi və Ahılların Resurs Mərkəzinin üzvləri göstərilən qayğı və diqqətə, təşkil olunmuş bayram tədbirlərinə görə Müvəkkilə və adı çəkilən-lisey kompleksinə  minnətdarlıqlarını bildiriblər. 

Tədbir çərçivəsində şagirdlərin hazırladıqları musiqili proqram, rəqslər və səhnəciklər maraqla qarşılanıb.