Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman və Aparatının əməkdaşları müstəqil müşahidəçi qismində Prezident seçkilərini müşahidə ediblər

12-04-2019 10378 dəfə oxunub
Ombudsman və Aparatının əməkdaşları müstəqil müşahidəçi qismində Prezident seçkilərini müşahidə ediblər

11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Aparatının əməkdaşları, Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərinin nümayəndələri müstəqil müşahidəçi qismində paytaxt Bakı və ölkənin 53 şəhər və rayonunda 103 seçki dairəsi üzrə 371 seçki məntəqəsində, o cümlədən Cocuq Mərcanlıda, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisəsində Prezident seçkilərini müşahidə ediblər.

Ombudsman müstəqil müşahidəçi qismində paytaxtın rayonlarında bir sıra seçki dairələri üzrə çoxsaylı seçki məntəqələrində, o cümlədən Penitensiar Xidmətin qadınlar üçün cəzaçəkmə müəssisəsində, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində təşkil olunmuş məntəqələrdə səsvermə prosesini müşahidə edib. O, habelə yüksək səviyyədə təmir edilmiş və müasir avadanlıqla, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş 36 saylı Xətai dördüncü dairə seçki komissiyasının inzibati binasında olub, komissiya sədri ilə görüşərək, seçkilərlə əlaqədar vəziyyəti və məlumatları öyrənib, burada işlərin lazımi qaydada davam etdiyini müşahidə edib.

Eyni zamanda Müvəkkil respublikanın müxtəlif bölgələrində müşahidəçi qismində bu prosesdə iştirak edən əməkdaşlarından hər saat məlumatları qəbul edərək seçki prosesi ilə bağlı vəziyyəti nəzarətdə saxlayıb.

Müşahidələr zamanı Ombudsman həm məntəqə seçki komissiyalarının üzvləri, həm də müşahidəçilər, seçicilərlə bilavasitə görüşüb və səsvermə prosesi ilə bağlı onların rəylərini öyrənib. E.Süleymanova nüfuzlu beynəlxalq qurumları təmsil edən müşahidəçilərlə də görüşərək onların təəssüratları ilə tanış olub. Görüşdüyü şəxslər, seçki prosesinin iştirakçıları seçkilərin əhalinin yüksək fəallığı ilə, nizam-intizamla, seçki qaydalarına uyğun keçirildiyini vurğulamış, heç bir nöqsan müşahidə etməmişlər. 

Səsvermə günü Müvəkkil aparılan müşahidələrin nəticələrini ümumiləşdirib, MSK-nın Seçkilər İnformasiya Mərkəzinə gələrək KİV-lər vasitəsilə geniş ictimaiyyətin diqqətinə çatdırıb.

Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.

Müşahidələrin nəticəsi onu deməyə əsas verir ki, ümumilikdə Prezident seçkiləri əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirilib. Vətəndaşların seçki hüquqları təmin olunub, o cümlədən əlilliyi olanlar üçün seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Pozuntu halları, hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə edilməyib. 

Siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eyni zamanda müstəqil və bitərəf olan müşahidəçilər nizamla, bir-birinə qarşılıqlı hörmət şəraitində bu prosesdə iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetiriblər. 

Müşahidə edilmiş bir sıra məntəqələrdə MSK tərəfindən veb-kameralar quraşdırılmış,  seçkilərin izlənilməsi üçün real şərait yaradılmışdır.

Ümumilikdə, müsbət təcrübənin davamı olaraq, Prezident seçkiləri Konstitusiyamıza, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun şəkildə, əhalinin yüksək fəallığı ilə, ədalətli, şəffaf həyata keçirilib, Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğu bir daha təsdiqlənib.