Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən DMX-in Qanunsuz miqrantların saxlanılması mərkəzinə başçəkmə həyata keçirilib

16-03-2018 233 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən DMX-in Qanunsuz miqrantların saxlanılması mərkəzinə  başçəkmə həyata keçirilib

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı şəhəri Qanunsuz miqrantların saxlanılması mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil edilmiş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, məcburi və könüllü qaydada saxlanılan şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı mərkəzin yataqxana korpuslarına, yaşayış və tibb otaqlarına, müsahibə yerlərinə, yeməkxana, ərzaq anbarı və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, yemək-qidalanma, telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Məcburi və könülü qaydada mərkəzə yerləşdirilmiş şəxslərin hüquqlarının təmini, ailəli, yanında uşağı olan qadınlar, yetkinlik yaşına çatmayanlar, habelə tibbi nəzarətə ehtiyacı olan əcnəbilərlə yanaşmalar da araşdırma predmeti olub.

Mərkəzə qəbul və təhvil verilmə, tibbi müayinədən keçirilmə, habelə xidmət əməkdaşlarının miqrasiya qanunvericiliyinə uyğun olaraq məcburi və könüllü saxlanılan şəxslərlə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində könüllü saxlanılan şəxslər fərdi qaydada dinlənilib və qaldırdıqları məsələlər üzrə müraciətləri qəbul olunub. Başçəkmə çərçivəsində mərkəzə məcburi yerləşdirilmiş əcnəbi olmayıb.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, SPT və CPT standartlarına müvafiq şəkildə saxlanılma şəraiti, tibbi xidmət və sənədləşmə və telefon danışıqları ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilib.