Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Liderlik Məktəbində Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib

05-02-2018 161 dəfə oxunub
Liderlik Məktəbində Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi (AUGSŞ) nəzdindəki Liderlik Məktəbində 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Ombudsman Aparatının əməkdaşları, Liderlik Məktəbinin üzvləri, uşaq və gənclər, onların valideynləri və müəllimlər iştirak edib. 

Ombudsman çıxış edərək bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev çağdaş tariximizdə müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan görkəmli şəxsiyyət, nüfuzlu rəhbər kimi əbədiyaşarlıq qazanıb, onun çoxşaxəli fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dünya məkanında özünə layiqli yer tutub. Qeyd olunub ki, Ulu öndər tərəfindən əsası qoyulan gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə, o cümlədən uşaq və gənclər siyasətində mühüm uğurlar qazanıb.

Ombudsmanın çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın uşaqların hüquqlarının qorunmasını, onların yüksək təhsil almalarını, bilik və bacarıqlarının artırılmasını, istedadlı uşaqların üzə çıxarılmasını daim diqqət mərkəzində saxladığı xüsusi vurğulanıb.

Müvəkkilin insan hüquqları, o cümlədən uşaqların və gənclərin hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ombudsmanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla həyata keçirilir. Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 150-dən çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 8700-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 700-dən çox müəllim və direktor təşəkkürnamə alıb. Hazırda 2017/2018-ci tədris ilində Uşaq hüquqları üzrə pilləli tədris proqramı paytaxtdakı Səbail rayonu 49, Qaradağ rayonu 166, Sabunçu rayonu 148, Nərimanov rayonu 212, Suraxanı rayonu 89, Nizami rayonu 272, Yasamal rayonu 225, Binəqədi rayonu 284, Nəsimi rayonu 159, Xətai rayonu 249, Xəzər rayonu 181, Pirallahı rayonundakı 231 saylı məktəblərdə, habelə respublikamızın regionlarında – Şəmkir, Samux, Şabran, Xaçmaz, Balakən, Qax, Salyan və Neftçala rayonlarının hərəsindən bir məktəb seçilməklə, ümumilikdə 20 məktəbdə həyata keçirilir. 

Qeyd edilib ki, Müvəkkilinin uşaq hüquqları üzrə resurs mərkəzi olan AUGSŞ 15 ildən artıqdır ki, müntəzəm və səmərəli fəaliyyət göstərir. Liderlik Məktəbində uşaq və gənclərə bir tədris ili müddətində “Azərbaycan Yurdum Mənim” başlığı altında Azərbaycanın tanınmış şəxsləri, elm, təhsil, mədəniyyət xadimləri ölkəmizin tarixi, təbii sərvətləri, ekologiyası, mədəniyyəti, incəsənəti, eləcə də insan və uşaq hüquqları, vətənpərvərlik, nitq mədəniyyəti, təhsil, sağlamlıq, din, sağlam həyat tərzi və digər mövzularda interaktiv təlim metodundan istifadə edərək mühazirələr oxuyur və onlarla geniş müzakirələr aparırlar. 

Bu məktəbi ötən dövr ərzində 1500-dən artıq uşaq və gənc bitirmiş, onlar gənc Heydərçi və lider kimi yetişmiş və sertifikatla təltif olunublar. Hazırda 17-ci tədris ilində “Liderlik Məktəbi”nə Bakının müxtəlif təhsil müəssisələrinin 100-dək şagirdi könüllü cəlb olunub. Eyni zamanda, 2009-cu ildən etibarən ölkəmizdə ənənəvi olaraq keçirilən Azərbaycan Uşaqlarının Ümumrespublika forumlarında “Liderlik Məktəbi”nin üzvləri də fəal iştirak edirlər.

Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən, Ümummilli liderin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Ulu öndər gənclərin bilik və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi.

Sonra uşaq və gənclər AUGSŞ-in ölkədaxili və beynəlxalq fəaliyyəti barədə geniş məlumat veriblər. Gənclər və İdman Nazirliyi ilə adı çəkilən təşkilat arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda AUGSŞ haqqında çap olunmuş kitab, buklet və təşkilatın üzvünün rəsm əsəri qonağa hədiyyə edilib.