Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Aprel Qələbəsinin ikinci ildönümü Liderlik Məktəbində qeyd olunub

09-04-2019 10417 dəfə oxunub
Aprel Qələbəsinin ikinci ildönümü Liderlik Məktəbində qeyd olunub

Aprel Qələbəsinin ikinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdindəki, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dək şagirdi birləşdirən Liderlik Məktəbində tədbir keçirilib. 

8 aprel 2018-ci il tarixdə keçirilmiş tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil, Müdafiə Nazirliyinin zabiti, əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla QurbaniSülhməramlı qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət edən Ruslan Mahmudov, Ombudsman Aparatının əməkdaşları, Liderlik Məktəbinin üzvləri və valideynləri iştirak ediblər.

Müvəkkil ilk öncə Ağdaban soyqırımından 26 il ötdüyünü bildirib, bu faciə qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Ombudsman vurğulayıb ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Ümummilli liderimiz Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

E.Süleymanova erməni millətçilərinin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlər, soyqırımılar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin 20 faiz ərazisinin işğal olunduğu, bir milyondan artıq soydaşımızın qaçqına və məcburi köçkünə çevrildiyi barədə ətraflı məlumat verib. 

Müvəkkil tariximizin şanlı səhifələrindən olan Aprel zəfərinin əhəmiyyətini, Azərbaycan ordusunun uğurlu əks həmləsi nəticəsində xeyli irəliləyiş edərək mühüm strateji mövqelərin ələ keçirildiyini xüsusi vurğulayıb, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu siyasət nəticəsində hərbi sənaye sahəsində qısa müddətdə əldə edilmiş nailiyyətlər və hərbi potensialımızın gücləndirilməsi barədə məlumat verib. 

Ombudsman aprel hadisələri günləri döyüş bölgələri olan Goranboy, Naftalan, Tərtər, Ağdam və Füzuli rayonlarının təmas xəttindəki yaşayış məntəqələrinə gəldiyini, yerli sakinlərlə görüşdüyünü, ermənilərin atəşi nəticəsində evlərin və sosial obyektlərin dağıldığının şahidi olduğunu, azad edilmiş strateji yüksəklik olan əfsanəvi Lələtəpəyə kimi getdiyini qürurla söyləyib.

Daha sonra, Cocuq Mərcanlının qısa müddət ərzində böyük dağıntılardan bərpa olunması, burada sürətli tikinti-abadlıq işlərinin aparılması, infrastrukturun yaradılması, yerli əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə Böyük Qayıdış Proqramının başlanğıcının qoyulduğu diqqətə çatdırılıb.

Ombudsman ötən il Aprel qələbəsinin birinci ildönümü ilə bağlı Zəfər yürüşündə iştirakını, Horadiz şəhərində dəfələrlə “Aprel Şəhidlərinə Xatirə” abidəsini ziyarət etdiyini, Dövlət Bayrağı Günündə Cocuq Mərcanlıya səfəri zamanı yerli sakinlərlə görüşdüyünü bildirib.

Abdulla Qurbani bu əhəmiyyətli tədbirə dəvətə görə Müvəkkilə minnətdarlığını bildirib, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini bir daha dünyaya bəyan edən Aprel döyüşləri və qazanılan uğurlar barədə ətraflı məlumat verib. O, şahidi olduğu bu hadisələri, əsgər və zabitlərimizin qəhrəmanlıqlarını yada salıb, Lələtəpə və digər strateji yüksəkliklərinin, ətraf ərazilərin azad olunması zamanı döyüşlərdə şücaət göstərmiş, ölkə Prezidenti tərəfindən yüksək orden və medallarla təltif olunan döyüşçülərin fədakarlığını bir daha vurğulayıb.

Sonra Sülhməramlı qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət edən Ruslan Mahmudov İraq və Əfqanıstanda da Azərbaycan gənclərinin sülhməramlı missiyalarda iştiraklarından danışıb. 

Liderlik Məktəbi üzvlərinin sualları ətraflı cavablandırılıb. Məktəblilər tərəfindən vətənpərvərlik şeirləri maraqla dinlənilib və alqışlarla qarşılanıb.

Tədbirin sonunda Abdulla Qurbani Liderlik Məktəbinin fəallarına müəllifi olduğu “Lələtəpə fatehləri”, “Çingiz dastanı”, “Ordumuz-qürurumuz, xalqımız-dayağımız”, “Qəhrəman Tərtərin müdafiəsində” adlı kitablarını hədiyyə edib.

E.Süleymanova bu kimi tədbirlərin uşaq və gənclərin vətənpərvərlik, şanlı döyüş ənənələrinə sədaqət ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, Abdulla Qurbaniyə minnətdarlığını bildirib.